Accessibility links

Azərbaycan Prezidenti Özbəkistan, Türkiyə və Çin liderləri ilə ikitərəfli əlaqələri müzakirə edib


İlham Əliyev və Şavkat Mirziyoyev (Foto Prezident.az saytından götürülüb)
İlham Əliyev və Şavkat Mirziyoyev (Foto Prezident.az saytından götürülüb)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərinə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli görüşlər keçirib.

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrin inkişafında konkret nəticələrin olduğu bildirilib.

İlham Əliyev və Si Cinpin (Foto Prezident.az saytından götürülüb)
İlham Əliyev və Si Cinpin (Foto Prezident.az saytından götürülüb)

Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə bildirilib ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir.

"Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik" , Si Cinpin qeyd edib.

Prezident Əliyev də Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, iki ölkənin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

"Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir" , Əliyev qeyd edib.

Çin Xalq Respublikasının Sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Sədr Si Cinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

Prezident İlham Əliyev Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini, Çinin də ölkəsinin ərazi bütövlüyünə birmənalı dəstəyini həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.

"Dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün də əsas prinsiplərdən biridir".

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanıb, tələbə mübadiləsinin artırılmasının, şəhərlər arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Foto Prezident.az saytından götürülüb)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Foto Prezident.az saytından götürülüb)

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduğu qeyd edilib. İki ölkənin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə edib və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

XS
SM
MD
LG