Accessibility links

Meşə yanğınları tam söndürülüb


Azərbaycanın şimal rayonlarında yanğınlar.
Azərbaycanın şimal rayonlarında yanğınlar.

Azərbaycanın Zaqatala, Qəbələ, Oğuz ərazilərində baş vermiş meşə yanğınları tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb.

Məlumata görə, sıx meşəlik ərazilər yanğından mühafizə edilib.

Avqust ayından başlayaraq Azərbaycanın şimal, şimal-şərq, şimal-qərb regionlarında meşə yanğınları baş verib. Azərbaycanın yerli ekspertləri yanğınların bilərəkdən törədildiyini qeyd edirlər.

Ekologiya sahəsində fəal Cavid Qara Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda meşə yanğınlarının 99 faizi insan faktoru ilə bağlıdır.

“Ehtiyatsızlıqdan, qəsdi-qərəzlikdən, intiqam məqsədi ilə və sair. Məsələn, hansısa bir gözətçini, direktoru və ya başqa şəxsi işdən çıxarırlar, bunu ədalətli hesab etmir, gedib intiqam alır. Və yaxud kimi isə cərimə edirlər, gedib intiqam məqsədi ilə meşəni yandırır. Yaxud meşəni həddən artıq qırırlar sonra izi itirmək üçün meşəni yandırırlar. İnsan faktorunu azaltmaq üçün ilk növbədə korrupsiyanın qarşısı alınmaldır. Korrupsiya olan yerdə meşə mühafizəsindən söhbət gedə bilməz və yanğınlar özbaşınalığın alətinə çevrilir,” o qeyd edib.

Öz növbəsində, föqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 2-də bildirib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır.

Onun sözlərinə görə, bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fonduna, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır.

XS
SM
MD
LG