Gənc sənətkar, bağlama ifaçısı, müğənni və türk dil haqları müdafiəçisi Tovhid Novruzi Təbrizdə vəfat edib.
Yaxınlarının sosial mediada paylaşdığı məlumata görə, 35 yaşındakı sənətkar ürək dayanmasından həyatını itirib. Alim Qasimov və Nəvid Müsmir kimi tanınmış sənətkarlar sosial mediada mərhum Novruzinin vəfatı ilə bağlı mesaj paylaşıblar.
Xiyav (Meşginşəhr) şəhərində dünyaya gələn Tovhid Novruzi İran Azərbaycanında bağlama sazının ən bacarıqlı ifaçılarından biri olaraq tanınırdı. O, eyni zamanda türk dil haqları müdafiəçisi kimi fəaliyyət göstərib.
Mərhum Novruzi mülki mühəndislik üzrə təhsilini bitirdikdən sonra musiqi üzrə təhsil almaq üçün Azərbaycan Respublikasına gedib.
Son illərdə sənət sahəsində olduqca aktiv olan sənətkar xüsusilə türk sufi musiqisi üzrə fəaliyyət göstərib. O, Fərqanə Qasımova, Ayşən Mehdiyeva, Gülyaz Məmmədova, Elya Dəniz (Zamanova) və Hamid Bərzigər kimi müğənnilər ilə bağlama ifaçısı, aranjman və müğənni kimi birgə əsərlər yaradıb.
Mərhum Novruzi təqribən bir il əvvəl Elya Dəniz ilə birlikdə sufi musiqisi nümunulərini ehtiva edən “Kül” adlı bir albom yayımlayıb.