Accessibility links

Vahid Qarabağlı: Türkiyənin tarixi serialları İrandakı türklərə alternativ bir tarix anlayışı təqdim edir


Vahid Qarabağlı
Vahid Qarabağlı

İranın yarı-rəsmi “Mehr” agentliyi Türkiyə seriallarının İran Azərbaycanındakı təsirinin təhlükəli olduğunu yazır. Agentlik bu barədə “ortaq dilin başa bəla olması” başlıqlı bir reportaj yayımlayıb.

Vahid Qarabağlı: Türkiyənin tarixi serialları İrandakı türklərə alternativ bir tarix anlayışı təqdim edir
please wait

No media source currently available

0:00 0:14:38 0:00

Amerikanın Səsinə danışan sosioloq Vahid Qarabağlı isə Türkiyə seriallarının İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklər üçün böyük bir imkan olduğunu vurğulayır. Qarabağlı bu yaxınlarda Türkiyə seriallarının İran Azərbaycanındakı təsiri haqqında “The Caspian Post” saytında bir yazı yayımlayıb.

İnsanlar İran televiziyasının proqramlarını izləməkdən yorulur. Türkiyə kanalları İranlılar üçün böyük imkandır.

Vahid Qarabağlının sözlərinə görə, “türk seriallarının dünyadakı populyarlığı və cazibəsi bir yana, İranda bu seriallara başqa səbəblərə görə də ehtiyac var. O cümlədən, İranda radio və televiziyanın sadəcə dövlət manipulyasiyasında olması və özəl sektora televiziya kanalı açmaq və serial istehsal etmək imkanının verilməməsi. Həmçinin, istehsal edilən serialların da sadəcə İran rejiminin cızdığı o ideoloji dəyərlər çəçivəsində olması. Buna görə, insanlar İran televiziyasının filmlərini izləməkdən yorulur. Yəni, Türkiyə kanalları İranlılar üçün böyük imkandır.”

İranın İrşad və Mədəniyyət Naziri Seyyid Abbas Salehi keçən iyul ayında İran Parlamentindəki nitqində İslam Respublikasının “inqilabı və islami mesajını dünyaya ixrac etmək üçün ev serialları sahəsində strateji siyasətlərə ehtiyac olduğunu” önə çəkmişdi. O, Türkiyənin istehsal etdiyi serialların dünyada əldə etdiyi uğura diqqət çəkərək demişdi ki, “Türkiyənin istehsal etdiyi 150 teleserial 100-dən artıq ölkəyə ixrac edilir. Türkiyənin 12 min əhalisi olan kiçik Söğüt şəhəri Ertuğrul serialı sayəsində dünyada tanınmağa başlayıb.”

Vahid Qarabağlının sözlərinə görə, İran əhalisi öz zövqlərinə görə, müxtəlif janrlarda çəkilmiş türk seriallarını izləyirlər:

İranda türklərin öz dillərində ölkə səviyyəsində TV kanalları yoxdur. Bu özəlliklə fars dilini bilməyənlər üçün problemdir. Bunların sayı çoxdur.

“İranlılar bu serialları pul vermədən internetdən, ya peyk antenası vasitəsi ilə izləyə bilirlər. İranda peykdən istifadə etmək yasaqdır amma bir çox ailə buna baxmayaraq peykdən istifadə edir. İran toplumunun fərqli qrupları Türkiyə telekanallarının təqdim etdiyi çox sayda dizi içindən sevdikləri mövzuları, tarix mövzusu olsun, ailə, sevgi və ya döyüş janrında sevdikləri serialları izləyə bilirlər.”

Qarabağlı bu serialların İran Azərbaycanı və digər bölgələrdə yaşayan türklər üçün əlavə əhəmiyyətə malik olduğunu qeyd edir.

“Bu səbəblərin yanında Güney Azərbaycan və ümumiyyətlə ölkədə türklərin yaşadığı bölgələrdə bir də bu var ki, türklər Türkiyə kanallarını keçmişdə də izləyirdilər. Türkiyənin musiqisini, müğənnilərini, aktyorlarını tanıyırdılar. Çünki, onların dil ehtiyacları İranda qarşılanmır. İranda türklərin öz dillərində ölkə səviyyəsində TV kanalları yoxdur. Bu özəlliklə fars dilini bilməyənlər üçün problemdir. Bunların sayı çoxdur. Bir çox ailə var ki, ailənin atası və anası farsca bilmir və bunlar öz ölkələrində radio və televiziyadan məhrumdurlar. Çünki dili bilmirlər,” sosioloq söyləyir.

Türkiyə seriallarının rəğbət görməsinin başqa bir səbəbi də budur ki, İranda illərdir türklərin televiziya proqramları və seriallarından yaxşı təcrübələri yoxdur. İran televiziyasının filmlərində türkləri mənfi və stereotip xarakterlər ilə göstərirlər.

O, həmçinin türk icmasının İran televiziyasında yayımlanan bəzi proqramlardan narahat olduğuna diqqət çəkir:

“Türkiyə seriallarının rəğbət görməsinin başqa bir səbəbi də budur ki, İranda illərdir türklərin televiziya proqramları və seriallarından yaxşı təcrübələri yoxdur. İran televiziyasının filmlərində türkləri mənfi və stereotip xarakterlər ilə göstərirlər. Onları aşağılayırlar. Türklərin farsca danışarkən ləhcələri şişirdilir və gülünc göstərilir. Türklər bundan çox inciyiblər.”

Son vaxtlar Türkiyə telekanallarının İranda dövlət qurmuş türk sülalələri, o cümlədən Səlcuqlular haqqında yayımladığı seriallar İran Azərbaycanında xüsusilə təhsilli əhalinin diqqətini cəlb edir.

Vahid Qarabağlı deyir ki, “İranda min il boyunca türk hökmranlıqları olub. Bunların ən önəmlilərindən biri Səlcuqlular. Amma tarix dərsliklərində bunlardan sadəcə bir ad keçir. Daha çox yazılır ki, bu hökmranlıqların böyük və uğurlu olmasının səbəbi onların ağıllı iranlı vəzirləri idi. İranlı deyəndə də ümumuyyətlə farsları nəzərdə tuturlar. Yəni, İran tarixində türklərin önəmini azaldırlar. Hədəfləri türkü təhqir etməkdir.”

O, hesab edir ki, Türkiyə serialları İranda yaşayan türklərə İran dövlətinin yaratdığı rəsmi tarix anlayışına alternativ olan bir tarix anlayışı təqdim edirlər:

“Amma İranda türklər Türkiyənin hazırladığı Diriliş ErtuğrulBöyük Səlcuqlu kimi seriallarda fərqli bir tarix anlayışına şahid olurlar. Burada Səlcuqluların möhtəşəmliyini görürlər. Bu seriallarda türklərin öndə olduğunu və təhqir olmadığını görürlər. Bu, İrandakı türklərə təqdim edilən alternativ bir tarixdir. İranın o rəsmi, irqçi və anti-türk tarix anlayışını sorğulayan bir alternativ. İranda türklər bu serialları həyəcanla izləyirlər. Əslində, onlar illərdir ki, İranda yaradılmış bu fars-mərkəzli tarix anlayışını sorğulamağa çalışırdılar. Bu seriallar onların əlini bu mücadilədə gücləndirir. Məsələn yaxınlarına deyirlər ki, baxın Səlcuqlular İranda yeni təqvim sistemi yaradıblar. Böyük bir mədəniyyət buraxıblar. Biz bu mədəniyyətin varisləriyik.”

Vahid Qarabağlı müsahibədə həmçinin deyir ki, İranda Türkiyə seriallarına olan rəğbət Türkiyəyə iqtisadi faydalar da gətirir. O, xüsusilə turistləri cəlb etməkdə bu serialların təsirləri haqqında danışıb.

XS
SM
MD
LG