Accessibility links

Ərdəbildə 12 fəalın şallaq cəzası qüvvədə saxlanılıb, həbs hökmü 3 aya endirilib


Ərdəbil türk fəallar
Ərdəbil türk fəallar

Ərdəbil vilayət məhkəməsi keçən ilin sentyabr ayında keçirilən Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar həbs və şallaq cəzasına məhkum edilən 12 fəalın apellyasiya şikayətinə baxıb.

Pərviz Siyabi Gürcan, Hüseyn Balaxani, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani hər biri keçən oktyabr ayında Ərdəbil Cəza Məhkəməsi tərəfindən 14 ay 32 gün həbs və 74 zərbə şallaq cəzasına məhkum edilmişdilər.

Amerikanın Səsinin surətini əldə etdiyi Ərdəbil Apellyasiya Məhkəməsinin hökmünə görə, fəalların 74 zərbə şallaq hökmü qüvvədə saxlanılarkən, həbs cəzası 3 aya endirilib.

Apellyasiya Məhkəməsinin qərarına əsasən, “dövlət məmurlarına itaətsizlik” ittihamı ilə əlaqədar türk fəallara “dəlil yetərsizliyindən” bəraət qazandırılıraq, 7 ay 16 günlük həbs cəzası ləğv edilib. “İctimai asayişi pozmaq” ittihamından isə fəallara verilən 74 zərbə şallaq hökmü qüvvədə saxlanılarkən, 7 ay 16 günlük həbs hökmü 3 aya endirilib. “Məhkəmə sisteminin məhbusların sayını azaltmaq yönündə siyasətlərinə uyğun olaraq” həbs və şallaq cəzası 1 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Bu fəallar 2020-ci ilin sentyabr ayının 29-da bir neçə digər vətəndaşla birlikdə Ərdəbilin Cıral Parkında keçirilən Qarabağa dəstək mitinqində nəzarət altına alınıb və daha sonra müvəqqəti azadlığa buraxılmışdılar.

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Bu günə qədər mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılıb, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.

XS
SM
MD
LG