Terrorçuluqda ittiham olunan şəxslərin ailələri ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib
Aprelin 21-də İŞİD-in maliyyələşdirilməsində təqsirləndirilən şəxslərin valideynləri və yaxınlarından ibarət qrup ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar övladlarının günahsız olduğunu bildirirlər və onların azadlığa buraxılmasını tələb edirlər. Valideynlər 50 gündən çoxdur aclıq aksiyası keçirən övladlarının səhhətindən də narahatdırlar. Ancaq polis əməkdaşları aksiyanın qarşısını alıb. Bir neçə nəfər Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparılıb. Suriyada qanusuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham edilən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il qabaq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər. 2020-ci ilin fevralında məhkəmə prosesi başlayıb. Məhkəmə iclasları bir müddət koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bu il fevralın 23-də təqsirləndirilən şəxslər məhkəmə iclası zamanı özlərinə kəsici alətlə xəsarətlər yetirib.
Episodes
-
Dekabr 26, 2024
Əziz Orucov həbsdə qaldı
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası