Accessibility links

ABŞ Dövlət Katibi: Məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırırıq


Martın 26-da ABŞ Dövlət Katibi Antoni Blinken Beynəlxalq Cəsarətli Qadınlar mükafatçısı Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “İnsan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində fəaliyyətinə xitam verilməsi haqda qərar məni narahat etmişdi. Bu qərar Şəhla Hümbətovaya ABŞ-ın Dövlət Departamentinın İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatının təqdim olunanmasından bir il sonra verilmişdir. Hesab edirik ki, Şəhla Hümbətovanın, habelə Azərbaycanda fəaliyyət göstərən digər insan haqları müdafiəçilərinin fəaliyyəti cəzalandırılmamalı, əksinə alqışlanmalıdır. Biz məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırırıq. Birləşmiş Ştatlar dünyada insan hüquqlarına hörmətın gücləndirilməsi, hüquq müdafiəçilərinin işinin alqışlanması və insan hüquqlarını pozanların məsuliyyətə cəlb olunması sahəsində göstərilən səylərə sadiqdir. İnsan hüquqları və əsas azadlıqların qorunması da daxil olmaqla Azərbaycanda sistemli islahatlar istiqamətində atılan addımları təşviq edirik. Azərbaycan xalqına fayda verən bu sahələr həm də dövlətlərimiz arasında olan əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq,” Dövlət Katibinin bəyanatında deyilir.

Şəhla Hümbətovaya 2020-ci il martın 4-də ABŞ-ın Dövlət Katibi Mayk Pompeo tərəfindən Dövlət Departamentində İllik Beynəlxalq Cəsarətli Qadınlar mükafatı təqdim edilib.

Şəhla Hümbətova Azərbaycanda fundamental hüquqlarının pozulması iddia edilən çoxsaylı insanların vəkili olub. O həmçinin hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan bir çox fəalları və 2018-ci ilin yayında “Gəncə işi” üzrə bir neçə müttəhimi müdafiə edib. Vəkil 2019-cu ilin yanvarında bloger Mehman Hüseynovun aclıq elan etdiyini və vəziyyətinin pis olduğunu açıqladıqdan sonra Azərbaycan Penitensiar Xidməti “yalan məlumat yaydığına” görə Hümbətovadan şikayət edib.

Bu il martın 5-də isə Bakı İnzibati Məhkəməsi hakim Aytən Orucovanın sədrliyi ilə Vəkillər Kollegiyasının Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasını təmin edib.

Vəkillər Kollegiyasının iddiasına görə, Şəhla Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib və bu səbəbdən məhkəməyə müraciət olunub.

Vəkil Amerikanın Səsinə müsahibəsində məhkəmənin qərarı barədə bildirib ki, anlaşılmazlıq olub.

“500 manat üzvlük haqqı ödəmişəm. Həmin pulu əvvəlki aylara siliblər. Mən də elə bilmişdim gələcək aylar üçün üzvlük haqqı ödəmişəm. Beləliklə, 8 ay üçün 480 manat borc yığılıb. Mənə borcumun olduğu barədə heç zaman xəbərdarlıq edilməyib və ümumiyyətlə bu məsələyə intizam icraatı çərçivəsində baxılmayıb. Mənim borcumun olması barədə izahatım belə alınmayıb. Ancaq, məlumat mediada dərc edildikdən sonra xəbərim olub. Bilən kimi, elə həmin gün borcumu ödəmişəm. Buna baxmayaraq məhkəməyə veriblər,” o, qeyd edib.

Vəkil hesab edir ki, onun kollegiyadan uzaqlaşdırılması ilə bağlı müraciət qeyri-mütənasibdir.

“Mən üzvlük haqqını ödədikdən sonra məhkəməyə müraciət etmələri göstərir ki, onların dərdi heç də üzvlük haqqı deyil. Sadəcə məqsəd məni hansısa bir bəhanə ilə üzvlükdən xaric etməkdir.”

Hümbətova vəkilliyinə xitam verilməsinin səbəbi kimi insan hüquqları sahəsində, siyasi mötivlərlə həbs edilən insanların hüquqlarını müdafiə etməsini göstərir.

“İnsan hüquqları sahəsində məşğul olan vəkillərin aqibəti budur. Mən birinci deyiləm. Məndən əvvəl də vəklliyinə xitam verilənlər var, məndən sonra da olacaq,” o qeyd edib.

Son illər Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınan Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərlərinin vəkillik fəaliyyətinə xitam verilib. Bir çox vəkillər barəsində isə intizam tədbirləri görülüb.

XS
SM
MD
LG