Accessibility links

Ural Hatəmi: Türkiyə və Azərbaycan arasındakı yaxınlıq İran Azərbaycanına ümid hissi verir


Ural Hatəmi
Ural Hatəmi

Sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə son Dağlıq Qarabağ müharibəsi, həmçinin mühabribə fonunda Azərbaycan və Türkiyə arasındakı yaxın əməkdaşlığın İran Azərbaycanındakı əks sədası və uzunmüddətli təsirlərini dəyərləndirib.

“Türkiyənin prezidentinin də iştirakı ilə Bakının küçələrində keçirilən o hərbi paradda Güney Azərbaycana çox əhəmiyyəyli mesajlar verildi; Türkiyənin prezidentinin dediyi o sözlər, Araz çayının o kədərini xatırlatması və ya elə o paradın içərisində Ərkdən və Savalandan bəhs edilməsi kimi,” sosioloq bildirib.

Bu günə qədər Güneydə Qarabağ məsələsini toylarda aşıqların dilində və ya sənətçilərin əsərlərində görürdük. Ancaq döyüşlərin qızışdığı zaman, artıq sadəcə aşıqlar və ədəbiyyatda deyil, xalqın gündəlik həyatında əhəmiyyətini göstərməyə başladı.

Ural Hatəmi deyir ki, “bir sıra hadisələr vardır, o qədər dərin təsir buraxar ictimaiyyətə, dövlətə və ölkəyə ki, ölkənin və cəmiyyətin o hadisədən sonrakı yaşayışını tamamilə dəyişdirər. Mən buna inanıram ki, Quzey Azərbaycan xalqı ikinci Qarabağ döyüşlərindən etibarən millət kəlməsinin haqqını tamamilə verdi.”

Onun sözlərinə görə, bu proseslərdə Azərbaycan Respublikasında xalqın yaşadığı kədər və sevinc İran Azərbaycanında da öz əksini tapıb:

“İkinci Qarabağ döyüşlərində və ondan sonra Azərbaycan Ordusunun zəfərində gördük ki, Quzeydəki xalqın kədəri və ümidi, Güney Azərbaycandakı xalqın da kədəri, ümidi və sevinci oldu. Bu günə qədər Güneydəki oyanmış olan kəsim oyanmamış xalqdan fərqlənirdi. Amma bu gün biz bu duyğudaşlıq və həmrəyliyi Güneydə bütün xalq arasında gördük.”

Hatəmi əlavə edir ki, “bu günə qədər Güneydə Qarabağ məsələsini toylarda aşıqların dilində və ya sənətçilərin əsərlərində görürdük. Ancaq döyüşlərin qızışdığı zaman artıq sadəcə aşıqlar və ədəbiyyatda deyil, xalqın gündəlik həyatında əhəmiyyətini göstərməyə başladı. Bu nə deməkdir? İşini gücünü buraxar oturar televiziyanın başında ki, nələr oldu... Və ya Təbrizdən saatlarla maşınla gedər sərhəddə durar Arazın o tayını izləyər. O taydakı əsgərlərə salam verər. Orada öz duyğularını bir şəkildə çığırar.”

Xəbərləri İran televiziyasından deyil, Türkiyə və Azərbaycan televiziyasından izləyirsə, bu incəliyi anlamaq lazimdir ki, Güneydəki xalq siyasi mənada xəbərin məşruiyyətini, yəni doğruluğun məşruiyyətini kimə verir

İkinci Dağlıq Qarabağ müharibəsinin davam etdiyi günlərdə İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə əhali xəbərləri xüsusilə Türkiyənin xəbər telekanallarından izləyirdi.

Sosioloqun sözlərinə görə, “xalq maraqlandığı xəbərləri hansı televiziya kanallarından, hansı xəbər qaynaqlarından izləyirsə, onun siyası mənada kimliyinin, fərqində olmasa da, meyli o qaynağın söyləminədir. Yəni İran televiziyasından deyil, Türkiyə və Azərbaycan televiziyasından izləyirsə, bu incəliyi anlamaq lazimdir ki, Güneydəki xalq siyasi mənada xəbərin məşruiyyətini, yəni doğruluğun məşruiyyətini kimə verir.”

Ural Hatəmi hesab edir ki, Dağlıq Qarabağ müharibəsi prosesində Türkiyə və Azərbaycan Respublikası arasındakı yaxın əməkdaşlıq İran Azərbaycanında gələcəyə ümid hissi yaratdı.

Onun dediklərinə görə, “Türkiyə ilə Azərbaycanın bu ikinci Qarabağ döyüşlərindəki iş birliyi sadəcə Güney Azərbaycanda deyil, bütün türk dünyasında böyük bir örnək kimi ələ alınmalıdır. Çöx böyük bir örnək idi. Yəni iş birliyi və dayanışma sadəcə dövlətlər arasında deyil, iki xalqın arasında. Burada Türkiyədə kiminlə danışırsan küçədə, bazarda hər kəs eyni məsələni danışır. Bu birlikdəlik türk dünyasına verdiyi umudun neçə qatını Güney Azərbaycan toplumuna verir.”

XS
SM
MD
LG