ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ilə ayrı-ayrılıqda keçirdiyi telefon söhbətində onları atəşkəsə dair vədlərə əməl etməyə çağırıb. Bu haqda Pompeonun özü Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.
“@NikolPashinyan və @presidentaz ilə ayrı-ayrı telefon söhbətlərində mən liderlərdən hərbi əməliyyatlara son qoymaq və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə dair öhdəliklərini yerinə yetirmələrini istədim. Ermənilər və azərbaycanlılar sülh şəraitində yaşamağa layiqdirlər.” – Pompeo tvitində yazıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda Pompeonun Azərbaycan və Ermənistan liderlərinə münaqişənin hərbi həll yolu olmadığını bildirdiyi qeyd edilir.
“Dövlət katibi Pompeo liderlərdən hərbi əməliyyatlara son qoymaq və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yollarını tapmağa dair öhdəliklərinə sadiq qalmalarını istəyib və münaqişənin hərbi həll yolunun olmadığını qeyd edib. Dövlət katibi oktyabrın 10-da Moskvada razılaşdırılmış və ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 oktyabr 2020-ci il tarixli ortaq bəyanatına uyğun olaraq oktyabrın 17-də Parisdə verilən bəyanatda bir daha təsdiqlənmiş atəşkəsin tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb” -deyə bəyanatda bildirilir.
ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. 1994-cü ildə atəşkəsdən bəri danışıqlar hələ ki, uğursuzluqla nəticələnib.
Dövlət Katibi Pompeo oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirib.
Oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayıb.
ABŞ, Azərbaycan və Ermənistan hökumətlərinin oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq, tərəflər oktyabrın 27-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə, oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilib.