Accessibility links

Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdü


ABŞ Dövlət katibi Mayk Pompeo Dövlət Departamentində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşür, Vaşinqton, 23 oktyabr, 2020.
ABŞ Dövlət katibi Mayk Pompeo Dövlət Departamentində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşür, Vaşinqton, 23 oktyabr, 2020.

ABŞ Dövlət Katibi Maykl Pompeo digər qlobal liderlərə qoşularaq Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağda gedən döyüşlərin dayandırılması üçün səyləri artırıb.

Pompeo Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini cümə günü Dövlət Departamentində onunla ayrı-ayrılıqda görüşlər keçirməyə dəvət edib. O, yerlərdə vəziyyətlə bağlı onların fikirlərini öyrənmək istədiyini bildirib.

Dövlət Katibi Pompeo oktyabrın 23-də əvvəlcə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, daha sonra isə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.
ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.

Pompeonun Xarici İşlər Naziri Ceyhun Bayramovla danışıqları təxminən 40 dəqiqə çəkib. Görüş bitdikdən sonra o, Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla danışıqlar aparıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Mortqan Ortaqusun Dövlət Katibi Mayk Pompeonun Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı keçirdiyi görüşlərdən sonra açıqladığı bəyanatda tərəflərin substantiv danışıqlara başlamasının vacibliyi vurğulanıb.

“Dövlət Katibi Pompeo zorakılığa son qoyulması və mülki şəxslərin qorunmasının vacibliyini qeyd edib. Dövlət Katibi həmçinin münaqişənin Helsinki Yekun Aktının gücdən istifadə və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların bərabər və öz müqəddəratını təyin etmək hüquqları prinsipləri əsasında həll edilməsi üçün tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlamağın vacibliyini vurğulayıb” - deyə bəyanatda bildirilir.

Bundan öncə, Dövlət Katibi Mayk Pompeo verdiyi açıqlamalarda digər qlobal liderlərə qoşularaq münaqişəyə son qoyulmasına çağırıb.

"Bölgədə vəziyyət mürəkkəbdir. Bu, mürəkkəb bir diplomatik vəziyyətdir. Və biz Avropanın əksər ölkələri kimi irəliyə doğru yolun münaqişəyə son qoymaqdan ibarət olduğuna inanırıq. Onlara gərginliyin azaldılmasının vacib olduğu, heç bir ölkənin müdaxilə etməməli, bu münaqişəni alovlandırmamalı olduğu, heç bir silah sistemi və dəstəyin olmamalı olduğu deyiləcək. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan diplomatik bir həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım bunlardır. Mən səbirsizliklə onların bölgədə gördüklərini bölüşəcəyini və təkcə ABŞ-ın deyil, ölkələrin hər birinin maraqlarına uyğun olduğuna inandığımız məqama necə yaxınlaşa biləcəyimizi eşidəcəyimi gözləyirəm."

Dünya güdrətləri Azərbaycana güclü dəstək verən Türkiyə və Ermənistanla müdafiə sazişi bağlamış Rusiyanın qatıla biləcəyi daha geniş konfliktin qarşısını almağa çalışır.

Vaşinqtonda danışıqların başlamasından bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə Moskva və Ankaranın münaqişənin həllində birlikdə işləyə biləcəyinə ümid etdiyini bildirib.

O, ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi vasitəçilik səylərində Türkiyənin də rolu olmalı olduğunu bir daha təkrarlayıb. "Türkiyənin sülhün bərqərar olması üçün Rusiya qədər eyni hüququ olduğuna inanıram" – deyə, o bildirib.

Vaşinqton, Paris və Moskva bu cür çağırışlara məhəl qoymayıb və münaqişə ilə bağlı fikir ayrılıqları Ankara ilə NATO-dakı müttəfiqləri arasındakı münasibətləri daha da gərginləşdirib. Pompeo Türkiyəni Azərbaycan tərəfini silahlandıraraq, münaqişəni alovlandırmaqda günahlandırıb. Ankara bu ittihamı rədd edir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində şiddətli döyüşlərin bütün istidamətlərdə davam etdiyi bildirilir. Hər bir tərəf qarşı tərəfin çoxsaylı itkilərinin olması barədə məlumatlar yayıb.

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan başlayan hərbi əməliyyatlara son qoymaq üçün Rusiyanın vasitəçiliyi ilə atəşkəsə dair iki razılaşma uğursuzluqla nəticələnib.

XS
SM
MD
LG