Accessibility links

"İnsanlarda öskürmə sonrası bir izahetmə ehtiyacının yarandığını müşahidə edirik"


Cəmilə Rəhimli
Cəmilə Rəhimli

Psixoloq Cəmilə Rəhimli Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyasının insan psixologiyasına təsirləri və karantin dövründə psixi sağlamığımızın qayğısına qalmağın yolları haqda danışıb.

"İnsanlarda öskürmə sonrası bir izahetmə ehtiyacının yarandığını müşahidə edirik"
please wait

No media source currently available

0:00 0:17:54 0:00

Psixoloqun sözlərinə görə, pandemiyanın psixoloji təsirləri karantin müddəti bitdikdən sonra da uzun müddət davam edəcəyinə görə bu haqda danışılması zəruridir. O əlavə edib ki, karatin dövrü həyat fəaliyyətlərində dəyişiklik, adaptasiya tələb edən bir müddət olduğu üçün insanda stress halı yaradır.

“Stress əslində hər zaman pis deyil yəni. Bizim müəyyən dəyişikliyə olan adaptasiyamızı təmin edir. Stressin yaxşı və ya pisliyi bizim onunla necə mübarizə aparmağımızdan asılıdır. Əgər, stress idarəetmə bacarıqlarımız daha destruktivdirsə, o zaman bunun bizim üçün mənfi təsirləri daha çox olacaq. Qorxu, təşviş halı olduğu zaman bizə stressin müsbət tərəflərini görmək çətin olur. Amma adətən bu təhlükə halı keçdikdən sonra biz görürük ki, bu vəziyyətlə mübariz edərkən nə qədər yeni bacarıqlar qazanmışıq.”

Karantinin mümkün ola biləcək ən pis nəticələrindən biri də ekran asılılığıdır.


Cəmilə Rəhimli həmçinin bildirir ki, pandemiya insan hisslərinə təsirləri arasında gələcəyə dair ümidsizlik, şiddətli kədər və bəzən də ciddi depresiya da müşahidə oluna bilər.

“Günlük rutini planlaya bilməməyin mümkün ola biləcək ən pis nəticələrindən biri də ekran asılılığıdır. Artıq valideynlərin bununla bağlı şikayətləndiyini görürük. Digər baş verə biləcək pis təsirlər isə yemək və yuxu pozuntusudur. Pozulmuş bir rutin, olmayan bir disiplin özündə bir boşluq hissi, öhdəlikləri yerine yetirmədiyi üçün isə günahkarlıq hissi yarada bilir.”

Psixoloq əlavə edir ki, pandemiya dövründə yaranan stresslə mübarizə üçün vacib olan davranışlar normal stresslə mübarizə bacarıqlarından heç də fərqli deyil.

İnsanlar düşünür ki, qorxu, kədər hiss edərkən bunu görməzdən gəlsələr sanki yox olacaq.


“Birincisi, indiyə qədər nə edilirdisə onları axsatmadan, olduğu kimi etməyə davam etmək lazımdır. İkincisi, insanlar narahatlıq, qorxu, kədər hiss edərkən bunu basdırmağa daha çox meyllidir. Düşünürlər ki, bunları ifadə etməsək, görməzdən gəlsək sanki yox olacaq. Ancaq bu belə deyil. Əksinə. Bu narahatlıqlar sonradan daha zərərverici şəkildə təkrar ortaya çıxa bilər. Ona görə də əgər yoruluruqsa, kədərləniriksə, qorxuruqsa və ya nədənsə narahat oluruqsa bunu ilk növbədə özümüzə etiraf etməyi bacarmalıyıq. Bundan əlavə tətqiqatlar göstərir ki, nə qədər çox sosial mediada pis xəbərlərə, pis nəticələrə fokuslanarıqsa, stress səviyyəmiz də bir o qədər artır. Buna görə də mümkün qədər oxuyacağımız məlumatları limitləmək, oxuduqlarımızın bizə fayda verəcək şəkildə olmasına nəzarət etmək lazımdır ki, öz psixikamıza zərər verməyək.”

Pandemiya bitsə belə, onun psixoloji təsirlərini uzun müddət hiss edəcəyik.

Pandemiyadan sonrakı dövrün indikindən daha ağır psixoloji nəticələrlə müşahidə oluna biləcəyini qeyd edən Cəmilə Rəhimlinin sözlərinə görə, insanlar arasında güvənsizlik halı, etibar etməkdə çətinlik, yoluxuculuğun davam edəcəyini düşünmə və təmizliklə bağlı normaldan daha ehtiyatlı davranma halları daha artacaq.

“Sosial münasibətlərdə zaman-zaman yalnış anlaşılmalar, bir-birinə qarşı stereotiplərin, önyarğıların yaranması baş verə bilər. Hətta bu müddət bitmədən belə diksriminasiya hallarının ortaya çıxdığı nümunələr gördük. Məsələn, çinli olduğu üçün insanların bəzi yerlərdən qovulduğunu, öskürmə, asqırma sonrası insanlarda bir izahetmə ehtiyacının yarandığını müşahidə etmək olar ki, bu özü bir təşviş halı, yalnış anlaşılma qorxusudur.”

XS
SM
MD
LG