İran Azərbaycanının müxtəlif bölgələrindən toplanan yardımlar ölümcül daşqınlardan ağır xəsarətlər alan Türkmənsəhra bölgəsinə göndərilməyə davam edir.
Sosial şəbəkələrdə paylaşılan görüntülər və yazılarda türkmən yazarlar, din xadimləri və ictimai fəalların İran Azərbaycanı və Qaşqay Elindən göndərilən yardımlarla bağlı təşəkkür bildirdikləri görünür.
İctimai fəallar yazırlar ki, "sel fəlakəti İran Azərbaycanı və Qaşqay Elində yaşayan türklər ilə türkmənləri birləşdirdi".
Almaniyanın yayım şirkəti “Deutsche Welle”-nin fars xidməti daşqınların təsirləri ilə bağlı Türkmənsəhrada fəaliyyət göstərən jurnalistlər ilə danışıb.
Deutsche Welle yazıb, “yerli jurnalistlərin bildirdiyinə görə, türklərin yaşadığı Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan kimi vilayətlərdən Türkmənsəhraya çox yardım gəlib. Bu, belə olayları təhlükəsizlik baxışı ilə dəyərləndirən rəsmiləri narahat edir. Bəzi bölgələrdə polis yardımlara əl qoyaraq onları İranın qızıl aypara cəmiyyətinə verib. Buna görə, Azərbaycanda yardım toplayan fəallar özləri yardımları Türkmənsəhraya çatdırmağa çalışırlar.”
Sosial şəbəkələrdə paylaşılan bir videoda, türkmən din xadimləri İran Azərbaycanı və Qaşqay Elindən yardım gətirənlərə sarılıb, onlardan təşəkkür edirlər.
Türkmən hüquq müdafiəçisi Danyal Babayani Amerikanın Səsinə müsahibədə deyib, “ilk yardıma gedənlər türklər oldu. Sosial şəbəkələrdə təşkil etdiyimiz kampaniyalarda da, sağ olsunlar türk bacı-qardaşlarımız yardımımıza gəldilər.”
Bəzi sosial media istifadəçiləri yazırlar ki, türkmənlər ümidlərini artıq dövlətdən kəsib və İran Azərbaycanından gələn yardımlara baxırlar.
Keçən günlərdə sabiq siyasi məhbus və türkmən fizika alimi Ümid Kövkəbi türk dilində bir video paylaşaraq Azərbaycandan gələn yardımlara diqqət çəkərək bu yardımların bölgəyə necə çatdırılmasına dair məlumat verib.
Türkmən istifadəçilər həmçinin İran Azərbaycanından gələn yardım paketlərində yerləşdirilən həmrəylik və sevgi mesajlarını paylaşırlar.
“Bu mesaj paketlərin birindən çıxdı. Türk arxadaşlarımızdan gəlib,” deyə bir istifadəçi üzərində “türkmən arxadaşlar, hər zaman arxanızdayıq – türk milləti” yazılmış bir kağızın surətini paylaşıb.