Accessibility links

İran millətçiləri "Türk Bölgələri Fraksiyası"na qarşı kampaniya başladıb


Onlar fraksiyanı ölkənin birliyinə təhdid hesab edirlər

Oktyabr ayının son günlərində 100 millət vəkilinin yer aldığı "Türk Bölgələri Fraksiyası"nın İran Parlamentində təsisi xəbərinin yayılmasından sonra İran millətçiləri geniş kampaniya başladaraq fraksiyanın “İranın milli birliyinə qarşı təhdid” olduğunu irəli sürürlər.

İran mediasının məlumatında və sosial şəbəkələrdə yayımlanan şəkillər və videolarda İran millətçiləri bəyanatlar yaymaq, sosial şəbəkələrdə kampaniya təşkil etmək və müxtəlif tədbirlərə qatılan Türk Fraksiyası liderlərinin yolunu kəsmək şəklində etiraz bildirirlər.

Türk Bölgələri Fraksiyasının başqanı Məsud Pezeşkiyan və sözçüsü Zəhra Sai
Türk Bölgələri Fraksiyasının başqanı Məsud Pezeşkiyan və sözçüsü Zəhra Sai

O cümlədən, sosial şəbəkələr və internet portallarında nəşr edilən bir videoda noyabrın 5-də Tehranda keçirilən mətbuat sərgisinə qatılan Türk Bölgələri Fraksiyası başqanı Məsud Pezeşkiyanın bir qrup İran millətçisi tərəfindən əhatə edildiyi görünür.

Kərəc şəhərində yaşayan tanınmış türk fəal və yazar Həsən Raşidi mətbuat sərgisində yaşananların şahidi olub.

O, bu haqda öz Facebook səhifəsində belə yazır:

“Onlar Dr. Pezeşkiyanı əhatə edib, ədəbsiz bir davranış və yüksək səslə ona hücum etdilər. Türk Fraksiyasının təşkilini qanun pozuntusu, etnikçilik, separatçılıq təbliğatı və İranın milli mənafeyinə təhlükə olduğunu ifadə etdilər... Mən də bu fraksiyanın milli mənafeyə zidd olmayıb, əksinə ölkənin inkişafı üçün gərəkli olduğunu söylədim... Etnik cəmiyyətlərin tələblər və ehtiyaclarını nəzərə almadan milli mənafenin mənasız olduğunu anlatdım... Ancaq, onlardan biri hirslənərək ‘Siz Ərdoğanın casususunuz!’ dedi...”

Təbrizin islahatçı millət vəkili və sabiq səhiyyə naziri Məsud Pezeşkiyan Türk Bölgələri Fraksiyasının başqanı olmaqla bərabər İran Parlamenti başqanının birinci müavinidir.

Türk fəallar fraksiyanın təsisini xüsusilə İranda türk varlığının tanınması istiqamətində önəmli bir addım kimi hesab edirlər.

Bir qrup tarixçi isə İran mediasında yayımladığı bəyanatda İran Parlamentinin başqanı Əli Laricaniyə müraciət edərək Türk Fraksiyasının “Böyük və Bütov İranın” bölünməsinə zəmin yaradacağını önə çəkiblər.

Kollektiv etirazlardan əlavə, bir çox iranlı siyasətçi, yazar, siyasi fəal və jurnalist mətbuat və sosial şəbəkələrdə Türk Fraksiyasına qarşı mövqe bildiriblər.

İran Parlamentində "Türk Bölgələri Fraksiyası"nın təşkili İran Azərbaycanı və türklərin yaşadığı digər vilayətlərdə yerləşən siyasətçilər, media mənsubları və türk fəallar tərəfindən müsbət qarşılanıb. Onlar bu fraksiyanın təsisini xüsusilə İranda türk varlığının tanınması istiqamətində önəmli bir addım kimi hesab edirlər.

XS
SM
MD
LG