Accessibility links

Bloq: 11 sentyabr


Dünya Ticarət Mərkəzinin ikinci qülləsi təyyarə vurulduqdan sonra alova bürünür. 11 sentyabr, 2001.
Dünya Ticarət Mərkəzinin ikinci qülləsi təyyarə vurulduqdan sonra alova bürünür. 11 sentyabr, 2001.

Növbəti onilliklərdə nə baş verəcəyindən asılı olmayaraq, 2001-ci il, 11 sentyabr terror hücumu XXI əsr tarixinin ən həlledici nöqtələrindən biri kimi yerini saxlayır. Son 19 ildə dünyada, ələlxüsus da Yaxın Şərqdə baş vermiş bir sıra mühüm tarixi olaylar günəşli sentyabr günündə ABŞ-ın şərq sahilində cərəyan edən hücumlardan qaynaqlanır. 11 sentyabr hücumları haqda dünyanın bir sıra ölkələrində bəzən hökumətlərin həvəsləndirməsi ilə müxtəlif konspirasiya nəzəriyyələri, saxta fərziyyələr dolaşır. Fakt isə budur ki, həmin terror aktı ABŞ tarixində törədilmiş ən qanlı və ən ölümcül hücumdur. Bu hücumun anatomiyası, onun itki miqyası haqda daha dəqiq məlumata malik olmaq sonradan baş verən hadisələrin anlaşılmasına yardımçı ola bilər.

Cənub qülləsinin mərkəzi dirəyi yanğın nəticəsində əridikdən sonra bina 9:59-da, Şimal Qülləsi isə 10:28-də çöküb.

11 sentyabr hücumları nəticəsində 19 terrorçunu çıxmaqla birbaşa olaraq 2,977 adam həlak olmuş, 6,000-dən adam yaralanmışdır. Bu sıraya qaçırılmış dörd təyyarənin içərisində olan 265, Dünya Ticarət Mərkəzində 2,606 və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasında 125 adam daxildir. Ölənlərdən 2,605-i ABŞ vətəndaşı, yerdə qalan 372-i isə 60-dan çox ölkənin vətəndaşları olub. Mütləq əksəriyyət mülki vətəndaşlardan ibarət olsa da, qurbanlar arasında 70-dən çox polis zabiti, 343 yanğınsöndürən və 55 hərbçi olub. Hücumlardan sonrakı bir il ərzində dövlət orqanları 11 sentyabr terror hücumları ilə əlaqədar 2,753 ölüm şəhadətnaməsi veriblər. Bunlardan yalnız 1,588 (58%) adamın kimliyi müəyyən edilə bilib. Associated Press dağıntılar olan ərazidən “təqribən 10,000 ədəd sümük və bədən qalıqları” aşkar edildiyini xəbər verir ki, bunların kimə məxsus olduğunu aydınlaşdırmaq mümkün olmayıb.

11 sentyabrda Nyu York şəhərinin 75 yanğınsöndürmə məntəqəsi hərəyə azı bir işçisini itrib.
11 sentyabrda Nyu York şəhərinin 75 yanğınsöndürmə məntəqəsi hərəyə azı bir işçisini itrib.

Çərşənbə axşamı səhər saat 8:46-da Əkiz Binaların şimal qülləsini vuran ilk təyyarə “American Airlines 11” reysli təyyarə idi. Təqribən 20 dəqiqə sonra Cənub Qülləsini vuran ikinci təyyarə “United Airlines 175” reysli təyyarə oldu. Hər iki təyyarəni pilotları qətlə yetirilmiş beş Əl-Qaida terrorçusu idarə edirdi ki, onlar həmin vaxt təyyarəyə gətirilməsi icazə verilən qutukəsənlərlə silahlanmışdılar. Qüllələr vurulan an hər iki binada ümumilikdə 14,000 adamın işlədiyi təxmin edilir. Binaların vurulduğu 90-cı mərtəbədən aşağıdakı mərtəbələrdə olan adamların çoxu salamat şəkildə evakuasiya olunmağa macal tapıb. Cənub qülləsinin mərkəzi dirəyi yanğın nəticəsində əridikdən sonra bina 9:59-da, Şimal Qülləsi isə 10:28-də çöküb. Yanan binanı söndürməyə və insanları evakuasiya etməyə gəlmiş xilasetmə komandalarının əksər qismi məhz bu çöküş zamanı həlak olub. Təyyarənin birbaşa vurduğu mərtəbələrdə və ondan yuxarıdakı mərtəbələrdə ilişib qalan adamların cüzi hissəsi sağ qala bilib.

11 sentyabr terroru haqda ən az danışılan faktorlardan biri göydələnlərin yuxarı mərtəbələrində ilişib qalmış adamların yerə atılmasıdır. Buna əsas səbəb bir çox xəbər agentliklərinin tükürpədici kadrları göstərməkdən imtina etməsi olub. Ehtimal edilir ki, 50-200 arasında insanın göydələndən yerə atılmaq nəticəsində həyatını itirib. Qısa elmi faktlar göydələndən yerə atılmağın vahiməsi haqda dolğun təsəvvür yaradır: 400 metr hündürlükdən – dörd futbol stadionu uzunluğunda məsafədən – yerə çırpılan adam saatda 240 kilometr sürətlə hərəkət edir. Havadan yerə uçuş təqribən 10 saniyə çəkir. Bu müddət ərzində insan şüurlu olur. Ölüm yerə dəyən an baş verir. Ağrı hiss etməyə vaxt olmur. Nəzərə alanda ki, insan bədəninin 75 faizini maye təşkil edir, yerdəki mənzərəni təsvir etməyə ehtiyac yoxdur. 11 sentyabr hücumları terminologiyasına bu adamlar “jumpers” – yəni “tullananlar” kimi düşüb. Amma bu təsvir reallığı əks etdirməyə bilər. “Tullanmaq özündə bir seçim ehtiva edir, amma bu adamların seçimi olmayıb. Ona görə də bu adamların ölümü qətl kimi dəyərləndirilir – başqa adamların əməlləri nəticəsində törədilən akt. Onları pəncərədən atılmağa vadar edən arxalarındakı alovun gücü, partlayışın itələmə qüvvəsi idi,” Nyu Yorkun baş tibbi eksperti bildirir.

ABŞ prezidenti Corc Buşa Ağ Ev administrasiyasının rəhbəri Endryu Kard ikinci qüllənin vurulduğunu deyir. Emma E. Booker adına ibtidai məktəb. Sarasota, Florida.
ABŞ prezidenti Corc Buşa Ağ Ev administrasiyasının rəhbəri Endryu Kard ikinci qüllənin vurulduğunu deyir. Emma E. Booker adına ibtidai məktəb. Sarasota, Florida.

“American Airlines 77” reysli təyyarə Pentaqona çırpılanda saat 9:37-ni göstərirdi. Los Ancelesə istiqamət almış təyyarəni geriyə – Vaşinqtona yönəldən terroristlər başqa təyyarələrdə olduğundan fərqli olaraq pilotları öldürməmiş, onları təyyarənin arxasına itələmişdilər. Təyyarə Pentaqonun üzü Arlinqton Milili Qəbiristanlığına baxan cinahını vuranda saatda 840 kilometr sürətlə hərəkət edirdi. Həmin vaxt binada 18,000 adam işləyirdi.

Ən az təlafata səbəb olan “United 93” reysli təyyarə oldu ki, buna səbəb təyyarənin başqalarına nisbətən gec qaçırılması və buradakı sərnişinlərin müqavimət göstərməsi idi. 9:40 radələrində ərinə təyyarədən zəng etmiş sərnişin Barbara Olson öyrəndi ki, Əkiz Binalar oxşar qaçırmalardan sonra təyyarələrlə vurulub. Xəbər sərnişinlər arasında yayıldıqdan sonra onlar öz aralarında səsvermə keçirərək təyyarəyə nəzarəti zor gücünə geri götürməyə qərar verdilər. Pennsilvaniya ştatının Şanksvill qəsəbəsi yaxınlığında yerə dəyən təyyarədən operatorun telefon vasitəsilə eşitdiyi son sözlər sərnişin Todd Beamerə məxsus idi: “Uşaqlar, hazırsız? OK, getdik.” Ehtimal edilir ki, həmin təyyarənin hədəfi ya Ağ Ev, ya da Kapitoli binası olmalı idi.

Dünya Ticarət Mərkəzində təyyarə vurulan nöqtədən yuxarıda ilişib qalmış adamlar pəncərədən baxır.
Dünya Ticarət Mərkəzində təyyarə vurulan nöqtədən yuxarıda ilişib qalmış adamlar pəncərədən baxır.

11 sentyabr hücumunun qurbanları həmin gün həlak olan adamların sayı ilə məhdudlaşmır. Son 15 ildə “Ground Zero” adlanan hücum baş verdiyi ərazidə olmuş, orada təmizləmə işləri aparmış minlərlə adamda xərçəng xəstəlikləri aşkar olunub. 2014-cü ildə 2,500 polis, yanğınsöndürən, təcili yardım və sanitasiya işçisində müxtəlif növ terminal xəstəliklər qeydə alınıb. Nyu York Yanğınsöndürmə Departamenti 863 yanğınsöndürən və təcili yardım içisinin məhz 11 sentyabr işləri ilə əlaqədar xərçəngə tutulduğunu müəyyən edib. Həkimlər ərazidə işləmiş adamlarda ciyərlərə “toksik toz” udulması nəticəsində prostat, qalxanvari vəzi, ağ qan və sümüklərdə xərçəng riskinin yüksək olduğunu bildirir. Terrorun episentrində işlədiklərinə görə xəstələnmiş adamlara ümumilikdə $50 milyon dollar həcmində təzminat ödənilib.

11 sentyabr terror hücumlarında istifadə edilmiş dörd təyyarənin marşrutları
11 sentyabr terror hücumlarında istifadə edilmiş dörd təyyarənin marşrutları

Amerika tarixində çox az hadisə var ki, 11 sentyabr hücumları kimi yaddaşlara həkk olunsun. 2001-ci ildə yaşamış az qala hər bir amerikalı həmin anlarda harada olduğunu xatrılayır. Merilend Universitetində sinif otağına daxil olarkən dəhlizdə işığı dəyişdirən ustanın kəmərinə bərkitdiyi ratsiyada eşidilən “The second plane has hit” – “İkinci təyyarə vurdu” sözləri indiyədək də yadımdadır. Eləcə də tələbələrimdən birinin Pentaqonda işləyən anasından xəbər gəlmədiyini və evə getmək üçün icazə alması. Həmin səhər tələbələri sakitləşdirmək, yaranmış ajiotajın effektini azaltmaq üçün günün hadisələrini bir kənara qoyaraq tədris planına uyğun olaraq Qədim Romada respublikadan imperiyaya keçid, Oktavianın yüksəlişini müzakirə etdik. Yalnız uzun günün sonunda axşamüstü evə qayıtdıqdan sonra hadisələrin cahanşümul miqyası bir qədər aydınlaşmağa başladı.

“Bir Dünya Ticarət Mərkəzinin” Aşağı Manhattandan görüntüsü
“Bir Dünya Ticarət Mərkəzinin” Aşağı Manhattandan görüntüsü

Həmin gün Amerika dəyişdi. 12 sentyabr Amerikası hüznlü, amma eyni dərəcədə hiddətli və qətiyyətli bir Amerika idi. Hücumdan üç gün sonra Nyu Yorka gəlmiş Prezident Corc Buş ərazini təmizləyən könüllülərlə görüşdü. Prezidentin ətrafında toplaşmış kütlə içərisindəkilərdən biri “Biz yaxşı eşidə bilmirik” deyə qışqıranda, əlini yanğınsöndürənin çiyninə qoymuş prezident dilləndi: “Mən sizi eşidirəm, bütün dünya sizi eşidir. Və o adamlar ki, bu binaları çökdürüblər, tezliklə onlar bizim hamımızdan eşidəcəklər.” Bu gün Prezident Buşun üzərində nitq söylədiyi dağıntıdan əsər-əlamət qalmayıb. Düzdür, Nyu Yorkun, azad dünyanın simvolu sayılan əkiz binalar artıq orada yoxdur. Əvəzində bu yerdə həmin binalardan da hündür Azadlıq Qülləsi ucalır. Nyu York şəhərinin səmasını oxşayan bu tikili bəşəriyyətə xatırladır ki, azadlığın qüdrəti nifrəti və şəri üstələyir. Burada yaşamaq, qurub-yaratmaq sevgisi terror, ölüm və dağıntı üzərində qələbə çalır.

XS
SM
MD
LG