Accessibility links

Bloq: “41- Atamın Portreti” – Oğul Buş Ata Buş Haqda Yazır (3-cü hissə)


Prezident Riçard Nikson Corc Buşun siyasi karyerasında mühüm rol oynayıb.
Prezident Riçard Nikson Corc Buşun siyasi karyerasında mühüm rol oynayıb.

Corc Buş Konqresdə olarkən oğlunun onu görmək imkanları məhdud olurdu. Həmin illərdə müəllif Texas Milli Hava Qvardiyasında pilotluq üzrə təlimlər keçirdi. Atası onu Vaşinqtonda “Apollo 8” missiyasının rəhbəri kosmonavt Frank Bormanla nahara dəvət edəndə gənc pilotun şübhə üçün əsası yox idi. “Sonra ata öz gizli motivini açıqladı,” Buş xatırlayır. “‘Mən Trişa Niksonu da dəvət etmişəm. Fikirləşdim ki, tədbirə bir yerdə getsəniz, əyləncəli olar,’ atam söylədi.” Buş pilot dostlarına deyəndə ki, atası onu prezidentin qızı ilə calamağa çalışır, heç kəs inanmırdı. 50 dollardan mərcə girən Buş Vaşinqtona gəldi. Amma Buşa bu mərcdən qalan elə o 50 dollar olacaqdı. “Mən həmin vaxtlar yaman içən idim. Nahar vaxtı əlimi yağa uzadanda stəkanı yıxıb, şərabı dağıtdım. Süfrə qırmızı rəngə boyananda məni dəhşət götürdü. Sonra siqareti damağıma qoyub alışdırdım. Bu hərəkətimdən əsəbiləşən Trişa məndən siqareti söndürməyi xahiş etdi. Nahar bitəndən dərhal sonra məndən onu Ağ Evə aparmağı tələb etdi.”

Geriyə baxanda görürəm ki, niyə BMT-dəki səfir vəzifəsi atamı cəlb edirdi. Onun biznesmen olduğu dönəmdə xaricə mütəmadi səfərləri, offşor qazma kontrakları ilə bağlı xarici şirkətlərlə əlaqələri onda beynəlxalq aləmə maraq oyatmağa başlamışdı.

Xoşbəxtlikdən, Trişanın atası gənc Buşun atası haqda daha yüksək fikirdə idi. Uğursuz Senat yarışından az sonra Prezident Nikson Corc Buşu BMT-yə səfir təyin etdi. “Geriyə baxanda görürəm ki, niyə BMT-dəki səfir vəzifəsi atamı cəlb edirdi. Onun biznesmen olduğu dönəmdə xaricə mütəmadi səfərləri, offşor qazma kontrakları ilə bağlı xarici şirkətlərlə əlaqələri onda beynəlxalq aləmə maraq oyatmağa başlamışdı. Yeni vəzifə həm də ona Vaşinqtondan çıxmaq imkanı, məğlubiyyətdən sonra həyat veriridi. Üstəlik, kabinetdə yeni vəzifə Buşa Ağ Evin daxili iş mexanizmini yaxından müşahidə etmək imkanı qazandırırdı.” Konqresdə olduğu kimi, BMT-də də qısa zamanda Buş öz həmkarlıarı ilə mehriban münasibətlər qurmağa nail oldu. Nyu Yorkdakı ABŞ səfliriyi qərargahında o, tez-tez ziyafətlər təşkil edər, cansıxıcı diplomatik təmasları isti şəxsi münasibətlərlə əvəzləməyə can atardı. Qazandığ dostların sırasında Tayvan səfiri var idi. 1971-ci ildə çinlilərin BMT-dəki yerinin Çin Xalq Respublikasına verilməsi ilə onun səlahiyyətləri xətm olunanda, Tayvan elçisini BMT zalından şəxsən müşayiət edən adam Buş özü idi. Mənzərəni müəllif belə təsvir edir: “Həmrəylik əlaməti olaraq səsvermədən sonra səfir Buş Baş Assambleyadakı yerindən qalxıb Tayvanın səfiri Liu Çiehni müşayiət etdi. Zaldan çıxarkən onlara söyüş və təhqirlər yağdırıldı. Tarixi səsverməyə baxmağa gəlmiş anam bəzi nümayəndələrin ona tüpürdüyünü xatırlayır. Sülh naminə yaradılmış BMT eybəcər anti-amerikanizm nümayişi üçün bir səhnəyə çevrilmişdi.”

Corc Buş elçi qismində Çin islahatlarının atası sayılan Denq Şiaponqlə görüşür.
Corc Buş elçi qismində Çin islahatlarının atası sayılan Denq Şiaponqlə görüşür.

1972-ci il seçkilərindən bir neçə gün sonra Nikson Buşdan onunla Kemp Deviddə görüşməyi xahiş etdi. Merilend ştatında yerləşən və Prezident Eyzenhauerin nəvəsi (Niksonunsa gələcək kürəkəni) Devidin adına qoyulmuş bağ evindəki görüşdə Nikson Buşa sürpriz təkliflə çıxış etdi – ondan Respublikaçı Milli Komitəyə sədr olmağı xahiş etdi (Amerikada partiya rəhbəri dövlət orqanı rəhbərindən ayrı tutulur). “Atamın nöqteyi-nəzərindən bu iş ən yaxşı halda yayındırıcı funksiya daşıyırdı. O, narahat idi ki, bəziləri bunu onu diplomatik qismində iflası kimi yoza bilər. Niksonun Ağ Evinə bələd olan adam kimi onun bu komandanın bəzi siyasi taktikalarından xoşu gəlmirdi. O, siyasi müxalifətdə olan dürüst adamlara qara yaxmaqda maraqlı deyildi. O biri tərəfdən, əgər Respublikaçılar Partiyasının sədri qismində öz vətəninə xidmət edə bilərdisə, bunu qəbul etməyə borclu idi.”

Buş təsəvvür edə bilməzdi ki, onu qarşıda Uotergeyt adı ilə tarixə düşəcək siyasi qalmaqal gözləyir. Demokrat partiyasının kampaniya ofisinə naməlum şəxslərin soxulması və sonradan bu əməliyyatın Niksonla mümkün bağlılıqları haqda məlumatın üzə çıxması ABŞ siyasi həyatında əsl zəlzələyə səbəb oldu. Riçard Nikson ABŞ tarixində vəzifəsindən istefa verən ilk prezident oldu. “Bir tərəfdən atam sadiq olduğu Prezidenti müdafiə etməyə çalışırdı. O biri tərəfdən, o, Demokratların bütün Respublikaçıları batmaqda olan Ağ Evə sarımaq səylərinin qarşısını almalı idi.” Çətin anlarda öz övladlarına ünvanladığı məktubda Buş Niksonun müsbət cizgilərini alqışlamaqla yanaşı, prezidentin natamamlıq kompleksindən, pis qərarlara meylindən, Konqresə sərgilədiyi hörmətsizlikdən və ən əsası, aşkara çıxan audio-kasetlərdə hətta ona yaxın adamlar haqda sərt və soyuq ifadələrdən üzülürdü: “Vicdanınızın səsinə qulaq asın. Əgər ürəyinizdə həqiqətin nə olduğunu dərk edirsinizsə, küyə getməməkdən qorxmayın. Məsələyə başqa adamın perspektivindən baxmağı zəifliklə eyniləşdirməyin. Dostunuza qarşı çevrilməyin, amma dosta sözün düzünü deməkdən qorxmayın. Öz rəyinizi vəzifəyə satmayın.” Bu cümlələrin müəllifi Niksona istefa verməyi tövsiyə edən sonuncu yüksək ranqlı Respublikaçı idi.

Məsələyə başqa adamın perspektivindən baxmağı zəifliklə eyniləşdirməyin. Dostunuza qarşı çevrilməyin, amma dosta sözün düzünü deməkdən qorxmayın. Öz rəyinizi vəzifəyə satmayın.

Niksonu prezident postunda əvəzləyən Cerald Fordun Çinə elçi getməyi təklifi Vaşinqtonun qalmaqallarından bezmiş Buş üçün xoş tənəffüs idi. Hərçənd ki, ABŞ-ın o vaxt Çinlə tam diplomatik münasibətləri yox idi və oradakı vəzifə səfir ranqı daşımırdı, Buş bu ölkənin ABŞ xarici siyasətində və ümumiyyətlə dünya düzənindəki önəminə ciddi dəyər verirdi. 1975-ci ildə atasına Pekində baş çəkməyə gedən gənc Buş o vaxt üzləşdiyi örimitiv şərait haqda yazır: “Çox adam velosipeddə, yaxud at arabasında gəzirdi. Yay qızmar və quru idi. Şəhər səhranın gətirdiyi toz-torpaq içində idi. Bir az mənə Texasdakı Midlandın çöllərini xatırladırdı. Ancaq Midlanddan fərqli olaraq burada kapitalizmin izi-tozu yox idi. Hamı onlara hökumət tərəfindən paylanmış boz nimdaş paltarlar geyinmişdi. Ata Çinin gələcəkdə böyük qüdrət kimi meydana çıxacağına inanırdı və o, yanılmamışdı. Amma 1975-ci ildə atam orada elçi qismində xidmət edəndə, bu perspektiv xeyli uzaq görünürdü.”

Elə həmin il, noyabrın 2-də Pekində xanımı ilə velosiped sürərəkən Buşa Prezident Forddan təcili teleqram gəldi. Üzərində “Corc Buş – yalnız gözlər üçün” yazılmış məxfi sənəd Buşu şoka saldı. Prezident ondan Çini dərhal tərk etməyi və Mərkəzi Kəşfiyyat Agenliyinə (CIA) rəhbərliyi öz üzərinə götürməyi etməyi xahiş edirdi. Həmin vaxt CIA ictimaiyyətdən, mediadan və Konqresdən sərt tənqidlərlə üzləşirdi. Qeyri-qanuni fəaliyyətlər üzrə ittihamlar fonunda Konqres kəşfiyyat agentliyindən şəffaflıq tələb edirdi. “Atam mesajı anama oxuyanda, onu ağlamaq tutdu. Prezident onun sevdiyi kişidən yenidən o bataqlığa girməyi xahiş edirdi,” Buş üzləşilən situasiyanı təsvir edir. Buş özü də hesab edirdi ki, kəşfiyyat agentliyinə rəhbər kimi getmək onun siyasi ambisiyalarının sonu ola bilər, amma prezidentin xahişini yerə salmaq ona xas xüsusiyyət deyildi.

Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri olaraq Corc Buş agentlikdə köklü islahatlar apardı.
Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri olaraq Corc Buş agentlikdə köklü islahatlar apardı.

“Direktor Buş yeni işə həmkarları ilə güclü və etimadlı münasibətlər qurmaqla başladı. Bu, Konqresin və mətbuatın qınaqları ilə üzləşən və əhval-ruhiyyənin aşağı olduğu dövlət agentlyi üçün mühüm idi. Agentliyin imici bərbad idi. Elə başlanğıcdan Ata aydın etdi ki, o, agentliyin missiyasına inanır və orada işləyən adamlara qahmar çıxacaq.” Agentlik işçilərini “vətənpərvər adlandıranda, həmin vaxt Amerikada çox az adam bu sözləri kəşfiyyatçılara şamil edərdi. Rəhbər olaraq o, tez-tes CIA məntəqələrinə baş çəkər və aşağı rütbədə çalışan adamlara şəxsən minnətdarlıq edərdi. Bu xidmətdə illər boyu can qoymuş adamların çoxu heç vaxt rəhbərlə görüşməmişdi. O biri tərəfdən, çətin qərarlar qəbul etməyin vacibliyini anlayan Buş reputasiyası ləkələnmiş köhnə qvardiyanı yeni kadrlarla əvəzləyir və agenliyə yeni ruh gətirirdi. Agentlikdə işlədiyi müddətdə Buş ictimaiyyətlə kəşfiyyat agenliyi arasında etimadı gücləndirmək üçün xeyli iş gördü və Mərkəzi Kəşfiyyat Agentyliyinin baş qərargahının bu gün onun adını daşıması bu şəxsiyyətin agentlik və milləti üçün sərgilədiyi səylərin bariz göstəricisi sayıla bilər.

“Bir onillik ərzində Corc Buş BMT-də səfir, Respublikaçılar Partiyasının sədri, Çində elçi, CIA Direktoru qismində işləmişdi. O, yaxından prezidentin süqutunu görmüş, yeni dünya qüdrətinin ərsəyə gəlməsinin şahidi olmuşdu. Diplomatlarla, kommunistlərlə və casuslarla üz-üzə gəlmişdi. Böhranlı təşkilatlara rəhbərlik etmiş və onların reputasiyasını yaxşılaşdırmaqla bu sınaqlardan üzüağ çıxmışdı. Lakin Buş yenicə seçilmiş Demokrat Prezident Cimmi Karterin inaqurasiyasının ardınca Hyustona yola düşəndə, çoxları onun siyasi karyerasının bitdiyini zənn edirdi. Həmin vaxtın düşüncəsinə görə onun 70-ci illərdə tutduğu vəzifələrin heç biri siyasi uğura tramplin hesab olunmurdu,” Buş yazır.

Yenicə seçilmiş Demokrat Prezident Cimmi Karterin inaqurasiyasının ardınca, 1977-ci ildə, Hyustona yola düşəndə, çoxları onun siyasi karyerasının bitdiyini zənn edirdi. Həmin vaxtın düşüncəsinə görə onun 70-ci illərdə tutduğu vəzifələrin heç biri siyasi uğura tramplin hesab olunmurdu.

1979-cu il, mayın 1-də Corc Buş prezidentliyə namizədliyini elan edəndə onu Amerika cəmiyyətində çox az adam tanıyırdı. Kaliforniya qubernatoru Ronald Reyqandan əlavə, ortada Cerald Fordun vitse-prezident kimi tərəf müqabili olmuş Bob Doul, Kennedi vurulan gün onunla eyni maşında oturmuş sabiq maliyyə naiziri Con Konnali var idi. Qeyri-adi oyun planı tələb olunurdu və Buş heç kimin ağlına gətirməyidi siyasi taktikaya əl atdı. İlkin seçkinin keçiriləcəyi Ayova ştatını qarış-qarış gəzməyi qət edən Buş hər seçki dairəsinə baş çəkərək birbaşa seçicilərlə görüşür, kiçik-böyük ictimai tədbirlərə qatılır, yüzlərlə şəxsi məktub yazırdı. Buşun ağır iş rejimi bəhrəsini verdi. Amerika seçki kampaniyasının startına işarə olan Ayova kokuslarını bir vaxtlar adının çoxlarına bəlli olmadığı Buş qazandı, halbuki seçkilərin mütləq favoriti Ronald Reyqan sayılırdı.

Növbəti praymerizin keçiriləcəyi Nyu Hempşir Buş üçün doğma ərazi idi. Yeni İngiltərənin övladı yurdunda özünü daha rahat hiss edirdi. Bəlkə də elə bu özünəarxayınlıq ona baha başa gəldi. Seçki-öncəsi təşkil olunan debatda yalnız ən çox səs toplamış Reyqan və Buşun iştirakı planlaşdırılmişdı. Debat vaxtı auditoriyaya gəlmiş başqa iddialıar bu formata etiraz edəndə, Reyqan fürsəti qaçırmadı. Etirazçıların tərəfini tutan Kaliforniya qubernatoru bəyan etdi ki, həmin iddialılara debatda yer ayırlmalıdır. Moderator qaydaların əvvəlcədən qoyulduğunu israr etdiyi halda Buş sakitcə oturub ətrafında baş qaldıran mübahisəni seyr etməyə başladı. “Onun instinktləri işə düşmüşdü. Qayda qayda idi. Və atama uşaqlıqdan qaydalara hörmət etmək aşılanmışdı.” Moderator ucadan etiraz edən Reyqanın mikrafonunu söndürməklə hədələyəndə “Bu mikrafon üçün mən pul ödəyirəm, cənab Qrin,” deyə Reyqan kükrədi. Əksər siyasi müşahidəçilər həmin anı Respublikaçı düşərgədə namizədlik uğrunda cərəyan edən savaşda dönüş nöqtəsi kimi xatırlayır.

Reyqan/Buş komandası 1980 seçkilərində inamlı qələbə çalaraq ABŞ-ın siyasi kursunu dəyişdilər.
Reyqan/Buş komandası 1980 seçkilərində inamlı qələbə çalaraq ABŞ-ın siyasi kursunu dəyişdilər.

Buş mayın sonuna qədər mübarizəsini davam etdirdi, və Miçiqan ştatı praymerizində inamlı qələbə çaldı. İnstinkti ona sonadək savaşmağı deyirdi. Ancaq dostları və rəqəmlər başqa şey. Son təyyarə uçuşunda Buşun dinlədiyi Kenni Rocersin “Qumarbaz” mahnısının nəqarəti – “Kartları saxlamağın da vaxtı var, yerə atmağın da” – iddialının üzləşdiyi durumu dolğun əks etdirirdi. Reyqana dəstəyini ifadə edən Buş sonda kartları yerə atmağa qərar verdi. Amma oğlunun yazdığı kimi “oyundan hələ tam çıxmağa hazırlaşmırdı.” Namizədliyi qazanmış Ronald Reyqan Corc Buşu özünün vitse presidentliyə namizəd tərəfdaşı kimi elan edəndə qərar çoxlarını təəccübləndirmədi. Prezident seçkilərində namizədlər bir qayda olaraq özlərinə vitse-prezident seçəndə, namizədi tamamlayan xüsusiyyətləri özündə əks etdirən tərəfdaş seçməklə ümummilli səsvermədə maksimum elektoral dəstək toplamağı hədəf tuturlar. Bu baxımdan, Kaliforniya qubernatorunun geniş siyasi və diplomatik təcrübəyə malik olan bir şəxsi seçməsi məqsədəuyğun idi. Bu addım seçki günü özünü doğrultdu.

Müəllif yazır: “1980-ci il seçkiləri transformativ bir seçki idi. Ölkə əzici işsizlikdən, inflyasiyadan və faiz dərəcələrindən əziyyət çəkirdi. Sovet İttifaqı yenicə Əfqanıstanı işğal etmiş, iranlı radikallar Amerika səfirliyinə hücum edib diplomatları girov götürmüşdülər. Cimmi Karterin isə gileylənməkdən savayı verəsi cavabı yox idi. Amerika xalqı dəyişikliyə hazır idi və Ronald Reyqan bu dəyişikliyi vəd edirdi. Günəşli optimizmi və ölkəyə inamı ilə o, amerikalılara yaxşı gələcəyə ümid verdi.” Ronald Reyqanın siyasi devizi və Amerika xalqına sualı sadə idi: “Siz indi dörd il əvvəl olduğundan daha yaxşı yaşayırsınızmı?” Səsvermə günü verilən cavab kifayət qədər aydın idi. Rekord göstərici sərgiləyərək 44 ştatda (cəmi 50 ştat var) qələbə çalan Reyqan yeni eranın başlanğıcına start verdi. Bu eraya Corc Buş ABŞ-ın 43-cü vitse prezidenti kimi qədəm qoyacaqdı.

(Ardı var)

XS
SM
MD
LG