ABŞ Dövlət Departamenti Ermənistan tərəfini Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.
Dövlət Departmanentinin mətbuat katibi Cen Psaki fevralın 23-də keçirilən mətbuat konfransında bildirib ki, bundan əvvəl də Amerika ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycan hökumətinə geri qaytarılmasını dəstəkləyib.
“Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılmasında yol tapıblar və bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib”,C.Psaki qeyd edib.
Ötən həftə Azərbaycanda və Ermənistanda səfərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistanı azərbaycanlı girovları azad etməyə çağırıb.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə fevralın 17-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə deyib ki, Bakının onların azad edilməsinə nail olmaq cəhdləri əbəsdir.
Bu gün isə Dağlıq Qarabağdakı rejim ABŞ Dövlət Departamentinin sözçüsünün girovların geri qaytarılması ilə bağlı çağırışına cavab verib.
APA agentliyinin Ermənistan mediasına istinadən yaydığı məlumata görə, özünü qondarma rejimin mətbuat katibi adlandıran David Babayan azərbaycanlı girovların qaytarılmasının mümkünsüz olduğunu açıqlayıb.
O, ABŞ dövlət Departamentinin çağırışını qəribə hesab edir.
“Azərbaycan Ramil Səfərovu qəhrəmana çevirir, amma bu cür bəyanatlar olmur. İndi isə Azərbaycan lobbisi hansısa cəhdlər etməyə çalışır. Hesab edirəm, məsələ bağlanıb. Biz humanitar jest edərək açıq, şəffaf məhkəmə işi aparmışıq”, o qeyd edib.
Avropa komissarının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə rəsmi nümayəndəsi Mayya Kosyançiç iki azərbaycanlı girovla bağlı mövqe bildirib.
Mayya Kosyançiç Trend agentliyinə bildirib ki, Avropa İttifaqı münaqişələr zamanı həbsxanalarda saxlanılan və girov götürülmüş vətəndaşlara münasibətdə beynəlxalq hüquq üzrə öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini qeyd edir.
“ATƏT-in Minsk qrupunun həmsədrləri Bazeldə nazirlərin görüşündən sonra ötən il dekabrın 4-də verilmiş bəyanatda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il oktyabr tarixli Həştərxan bəyanatına müvafiq olaraq humanitar problemləri nizamlamağa çağırıblar”.
M.Kosyançiç qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ Avropa İttifaqı nümayəndələrinin Azərbaycan və Ermənistan hakimiyyətləri ilə görüşlərində qaldırılıb, həmçinin bir neçə dəfə girovlara baş çəkmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə müzakirə olunub.