“Rusiya müəmma içərisində gizlədilmiş sirr, sirr içərisində gizlədilmiş tapmacadır,” deyə Britaniya dövlət xadimi Vinston Çörçill bu nəhəng ölkəni təsvir etmişdi. Çörçill kimi Qərbdə bir çoxlarına qəribə gəlir ki, dünyaya bu qədər alim, bəstəkar bəxş etmiş, Yer kürəsinin quru səthinin az qala altıda birinə nəzarət edən bir millət beynəlxalq arenada özünü əsasən üçüncü dünya ölkəsi kimi aparır və bir çox qonşularından fərqli olaraq indiyədək də demokratiya qurmağa nail ola bilməyib. Bu yaxınlarda qətlə yetirilmiş hüquqşünas Sergey Maqnitskiyə oxunan məhkəmə hökmü Rusiyanın imicinə heç də müsbət təsir göstərməyib. Söhbət ABŞ Konqresinin şərəfinə qanun çıxardığı Sergey Maqnitskidən gedir ki, həmin qanuna əsasən Rusiyada insan haqlarını pozan dövlət rəsmiləri ABŞ-a səfər edə biməzlər.
Stalin deyərdi ki, adam yoxdursa problem də yoxdur… Amma bu günlərdə Sergey Maqnitskinin ölümündən sonra məhkum edilməsi göstərir ki, Rusiyaya adamı mühakimə etmək üçün onun dirisi də lazım deyil. Cəsəd bəs edir.Stefen Blank
“Rusiyanı xalis avtokratiyaya çevirmək yolunda Vladimir Putin və onun hökuməti hətta İosif Stalini də arxada qoyub,” Amerika Xarici Siyasət Şurasının Rusiya üzrə eksperti Stefen Blank yazır. “Stalin deyərdi ki, adam yoxdursa problem də yoxdur… Amma bu günlərdə Sergey Maqnitskinin ölümündən sonra məhkum edilməsi göstərir ki, Rusiyaya adamı mühakimə etmək üçün onun dirisi də lazım deyil. Cəsəd bəs edir.” Blank yazır ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətinə qarşı mövcud olan və olmayan təhlükələri aradan qaldırmaq niyyəti ilə absurd ölçülərə əl atır. Bu addımlar sırasında müxalifət lideri Aleksey Navalnının mühakimə edilməsi də var ki, məqsəd burada “dissenti susdurmaq və Rusiya siyasətini məzarlığa çevirməkdir.”
“Ölkə eltası bu arada Rusiyanı əməlli-başlı qarət edir. Rusiyanın müdafiə nazirliyi məlumat verir ki, 2012-13-cü illərdə müdafiə sektorunda korrupsiya 450% artıb. Bu rəqəm müşahidəçilərin təxmin etdikləri 20-40% yeyintidən də çoxdur,” Blank yazır. “Rusiyada bu gün problem o deyil ki, dövlət korrupsiyaya uğrayıb; əslində korrupsiya və onu müşayiət edən kriminallıq elə sistemin özüdür.” Blankın fikrincə Putin hökumətinin basqıları bir məqsədə qulluq edir – hakimiyyətdə bacardıqca çox qalmaq. “Bu siyasəti isə Rusiya təkcə öz sərhədləri daxilində deyil, sərhədlərindən xaricdə də, imperialist ambisiyalarla yürütməyə can atır. Avtokratiya Rusiyada imperiya ilə sinonimdir və Moskvada gördüyümüz kiriminallıq Rusiyanın neo-imperialist siyasətinin fundamental alətidir. Moskva imperiyanı genişləndirmək üçün addımlar atdıqca inqilabi böhran Putinizmə yeganə alternativ kimi meydana çıxır.”
Stefen Blank kimi bir çox başqa Qərbli müşahidəçilər də Vladimir Putinlə münasibətləri fundamental şəkildə nəzərdən keçirməyin vaxtı gəlib çatdığını deyirlər. “Vaxtilə ümid edirdim ki, Rusiya özünün qıvraq sivil cəmiyyəti, azad mətbuatı və yenilənmiş mədəniyyəti ilə bir gün Avropa qüdrətinə çevriləcək. Mən yanılmışdım. Əvəzində, o, öz qonşularının torpaqlarını zəbt edir, rok qruplarını həbsə atır və dissidentləri təqib edir,” Truman Milli Təhlükəsizlik Layihəsinin tədqiqatçısı Lionel Beehner yazır. Rusiya sivil dünyanın qəbul etdiyi qaydalarla oynamaqdan boyun qaçırır. Məsələn, Şimal Qütbündə, bütün başqa sivil ölkələr haradasa istismar işləri aparmaq istəyəndə beynəlxaq qurumlara müraciət edirlər. Rusiya isə Ayda olduğu kimi hara gəldi bayrağını sancır və hesab edir ki, bununla da iş bitdi.” Yaxud Dünya Universitetləri Çempionatına hamı həvəskar idmançılar göndərdiyi halda ruslar peşəkar idmançıları yollayıb bütün medalları yığışdırırlar.
Rusiya tarixi faciəvi, möhtəşəm, amma eyni zamanda məntiqə ziddir.Adam Ulam
Beehner davam edir: “Rusiya getdikcə özünün qoçu xislətli liderini əks etdirir. Putin 2005-ci ildə Kremlə xoşməramlı səfərdə olan Yeni İngiltərə Patriotlarının Super Bowl üzüyünü oğurlamaqdan çəkinmədi… Bu adam dünyanı yalnız sıfır-cəm kontekstində görür. ABŞ üçün nə yaxşıdırsa, Rusiya üçün o pis olmaldır və yaxud da bunun tərsi.” Beehnerin fikrincə Vladimir Putinə yerini göstərməyin vaxtı çoxdan yetişib. Axı nə vaxta qədər özünü üçüncü dünya ölkəsinin qudurğan lideri kimi aparan bir adam dünya qüdrətləri cərgəsində izzətlə yola veriləcək? “Biz Rusiyanın Qərb standartlarına və insan haqlarına riayət edən normal ölkə olduğuna dair illüziyalarımızla vidalaşmalıyıq,” deyə müəllif konkret şəkildə Rusiyanın Böyük Səkkizlərdən xaric olunmasına çağırır.
Stefen Blankın gəldiyi qənaət də eyni dərəcədə sərtdir: “Amerikada Sovetologiyanın əsasını qoymuş mərhum tarixçi Adam Ulam müşahidə etmişdi ki, Rusiya tarixi faciəvi, möhtəşəm, amma eyni zamanda məntiqə ziddir. Putinin Rusiyasında faciə və absurd davam edir. Amma şöhrətdən əsər-əlamət qalmayıb.”