Accessibility links

Bloq: Stalinin Gizli Agentləri


Fransız tarixçi Alain Besançon SSRİ-ni dövlət kimi yox, nəhəng konspirasiya kimi təsvir edirdi. Onun fikrincə sovetlərin qurduğu dövlət apparatı büsbütün xüsusi xidmət idarəsinə, casuslara əsaslanırdı. Bu günlərdə oxuduğum Stalinin Gizli Agentləri kitabı Besançonun nəzəriyyəsinin həqiqətə nə dərəcədə yaxın olduğunu sərgiləyir. Müəlliflər M. Stanton Evans və Herbert Romerstein aydın edirlər ki, 1930 və 40-cı illərdə Sovet diktatoru İosif Stalinin ABŞ-da qurduğu güclü casus şəbəkəsi dünya tarixinin gedişatına əhəmiyyətli şəkildə təsir göstərib. Ortaya çıxarılan dəlillərdən belə məlum olur ki, Yaponiyanın ABŞ-a hücum etməsindən tutmuş, Şərqi Avropa ölkələrinin Sovet əsarətinə düşməsi və Çində kommunizmin bərqərar olmasınadək bir sıra tarixi olayların baş verməsində DTK-nın müstəsna rolu olub.

Alger Hiss Sovetlərin ABŞ hökumətində yerləşdirdiyi ən effektiv casus olub.
Alger Hiss Sovetlərin ABŞ hökumətində yerləşdirdiyi ən effektiv casus olub.

Əvvəla ondan başlayaq ki, Birləşmiş Ştatların xüsusi xidmət idarəsi dövlət yarandıqdan az qala iki əsr sonra formalaşıb. CIA (Central Intelligence Agency), yəni Mərkəzi Kəşfiyyat Agentliyinin sələfi olan OSS (Office of Strategic Services) İkinci Dünya Müharibəsinın qızğın çağında – 1942-cı ildə təşəkkül tapıb. Təsəvvür edin ki, nəhəng bir dövlət o vaxtadək kəşfiyyat işlərinə baxan dövlət orqanı yaratmağa lüzum görməmişdi (Bu mövzuda “The Good Shepherd” filmi olduqca maarifləndiricidir). 1929-cu ildə bəzi rəsmilər Dövlət Departamenti tərkibində MI8 adlı xüsusi xidmət idarəsi yaratmağa cəhd edəndə dövlət katibi Henry Stimson həmin idarəni qapatmışdı: “Centlmenlər bir-birlərinin məktublarını oxumur,” deyə Stimson öz addımını əsaslandırmışdı. Okeanların köhnə dünyadan ayırdığı Amerikada xarici siyasət uzun müddət prioritet hesab olunmurdu. Məsələn, 1930-cu illərədək Stimsonun rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin cəmi cümlətanı 700 əməkdaşı var idi.

Sovet diplomatlarının mütləq əksəriyyəti diplomat qismində deyil, azad cəmiyyətin bəxş etdiyi ab-havadan sui-istifadə edərək casus qismində fəaliyyət göstərir və kommunist dövlətinə simpatiya bəsləyən adamları DTK-ya cəlb edirdilər.

Belə görünür ki, Sovetlər də məhz bu boşluqdan sui-istifadə etməyə cəhd göstərirdilər. Sovet İttifaqı tarixdə yeganə dövlətdir ki, ABŞ-da casusluq fəaliyyəti ilə kifayətlənməyərək dövlətin siyasi qərarvermə prosesini müəyyənləşdirməyə can atırdı. 1933-cü ildə ABŞ-la Sovet İttifaqı arasında diplomatik münasibətlər bərqərar olduqdan az sonra Sovet diplomatlarını Amerika sahillərinə çox sayda casus müşayiət etdi. Əslində Sovet diplomatlarının mütləq əksəriyyəti diplomat qismində deyil, azad cəmiyyətin bəxş etdiyi ab-havadan sui-istifadə edərək casus qismində fəaliyyət göstərir və kommunist dövlətinə simpatiya bəsləyən adamları DTK-ya cəlb edirdilər. Çoxu bu tora sadəlöhvlükdən düşür, bəziləri ilə şöhrət və pul nəfsinin qurbanı olurdular. Nəticə isə eyni idi – ABŞ-ın dövlət idarələrində mühüm mövqedə qərar tutan rəsmilər Sovet diktatoru İosif Stalinin göstərişi altında hərəkət edir, Amerikanın maraqlarını deyil, Kommunist dövlətin maraqlarını güdürdülər.

Ethel və Julius Rosenberglər Amerikanin atom sirlərini Sovetlərə verdiklərinə görə elektrik stulunda edam olunublar
Ethel və Julius Rosenberglər Amerikanin atom sirlərini Sovetlərə verdiklərinə görə elektrik stulunda edam olunublar

İfşa olunmuş və cəzalandırılmış casuslar sırasında Alger Hiss, Carl Marzani, William Remington, Rosenberglərin adları çoxlarına tanışdır. Amma Evans və Romersteinin təsvir etdikləri mənzərə vətənə xəyanət edən ABŞ rəsmilərinin sayının onlarla olduğunu göstərir. ABŞ Ordusunun deşifrə etdiyi gizli yazışmalar əsasında ortaya çıxan Venona sənədləri Stalinə işləyən amerikalı agentlərin adları ilə doludur. 1946-cı ildə xüsusi agent Guy Hottel FBI direktoru J. Edgar Hoover-ə ünvanladığı memorandumda yazırdı: “Tədricən aydın olur ki, ABŞ hökumətin nəhəng sayda adamlar işləyir ki, bunlar kommunistdirlər və onlar hər gün Kommunizmin maraqlarına xidmət edir və bu hökumətin bünövrəsini qazımaqla məşğuldurlar… Onlar əsasən ABŞ-ın siyasət müəyyən edən orqanlarında – Dövlət Departamenti, Milli Xəzinə, OSS, FEA, WPB kimi idarələrdə qərar tutublar ki, bu da onlara xarici siyasətə mühüm təsir rıçaqları verir."

Əslində Guy Hottel memorandumu yazanda artıq həmin bu “kommunistlər” azad dünyanın maraqlarına kifayət qədər ciddi zərbələr endirmişdilər. Onların sayəsində Yaponiya ilə münasibətlər Sovetlərin xeyrinə olaraq müharibə həddinədək kəskinləşmiş, Çindəki müttəfiq Çianq Kay Şek hökuməti kommunistlərin ayağına verilmişdi. 1944-cü ildə Yalta konfransında Prezident Franklin Rooseveltin müşaviri qismində müharibədən sonrakı planları müəyyən edən Alger Hiss əlindən gələn hər şeyi edirdi ki, ABŞ-ın atdığı bütün addımlar Stalinin istəklərinə uyğun olsun. Bu həmin Yalta konfransı idi ki, burada Polşa, Çexoslovakiya, Rumıniya və bir sıra Şərqi Avropa dövlətlərinin taleyi həll olunurdu. Konkret nəticə ondan ibarət oldu ki, ABŞ fövqəldövlət olaraq Kremlin bu millətləri əsarət altına almasına ciddi müqavimət göstərmədi. Stalin Sovet əsgərlərinin ayaqlarının dəydiyi hər bir ölkədə marionet kommunist rejim qurmağa nail oldu.

Stalinə dərin şəxsi simpatiya bəsləyən Franklin Roosevelt əmin idi ki Sovet diktatoru saf məramlardan çıxış edir və onunla əməkdaşlıq aparmaq mümkündür.

Hadisələrin bu cür gedişatında təkcə casuslar rol oynamırdı. Stalinə dərin şəxsi simpatiya bəsləyən Franklin Roosevelt əmin idi ki Sovet diktatoru saf məramlardan çıxış edir və onunla əməkdaşlıq aparmaq mümkündür. Bu inanca abunəçi olmaqda ona Harry Hopkins kimi sovetpərəst müşavirləri yardım edirdi. “Biz əlimizdən gələn hər şeyi etməliyik ki, Sovetləri istədikləri materiallarla təchiz edək,” deyə Lend-Lease proqramının rəhbəri olan Hopkins bəyan edirdi. 1940-cı illərdə Vaşinqtonda kommunistlərin güclü mövqeyə malik olduqları dövlət idarələrində və hətta Ağ Evdə belə bir təsəvvür var idi ki, nəyin bahasına olursa olsun Stalinə istənilən yardım göstərilməli və bunun əvəzində Amerika heç nə istəməməlidir. Bu təsəvvür özü-özünə yaranmamaşdı. Bir çox başqa alternativ reallıqlar kimi bu mənzərə də DTK-nın əl işi idi.

Amerika qara ilanı məhv etmək üçün ağ ilanı dəstəkləməyə qərar vermişdi – elə bir ilan ki, növbəti 40 ildə azad dünyanı kommunizm bəlası ilə üz-üzə qoyacaqdı.

Lazımi məqamlarda, lazımi adamlara bu təbliğat xəttini dedirtməklə və məqsədyönlü şəkildə küy yaratmaqla, Sovetlər Amerikanı yaxın gələcəkdə mənfur düşmənə çevriləcək bir dövlətə heç bir təmənnasız yardım göstərməyə sövq edirdi. Təbii ki, sonradan sovet tarixçiləri müharibəyə tam başqa nəzərlərlə baxacaq və 50 milyard dollarlıq yardım proqramının qələbədə oynadığı rolu minimuma endirəcəkdilər. Fakt budur ki, Hiterlə müharibədə Stalinə verilən qeyd-şərtsiz dəstək və qırmızı diktatora sərgilənən hədsiz səxavət bağışlanmaz strateji səhv idi. Amerika qara ilanı məhv etmək üçün ağ ilanı dəstəkləməyə qərar vermişdi – elə bir ilan ki, növbəti 40 ildə azad dünyanı kommunizm bəlası ilə üz-üzə qoyacaqdı.

XS
SM
MD
LG