Accessibility links

Bloq: Amerikanın tarixi dilemması


ABŞ xarici siyasətinin kursunu tarixən iki başlıca cərəyan müəyyən edib – təcridçilik və müdaxliəçilik. Amerikalıların ictimai əhval-ruhiyyəsindən asılı olaraq bu tendensiyalar dövlətin xarici siyasətinə növbəli qaydada təsir göstərib. Birinci Dünya Müharibəsinin ardınca, 1920-30-cu illərdə Amerikada baş qaldıran təcridçilik Almaniyada nasist Adolf Hitlerin hakimiyyətə gəlişi və işğalçılıq siyasətinə başlaması ilə süqut etdi. Müharibədən qələbə ilə çıxan ABŞ Koreya Müharibəsinədək (1950-53) əsasən müdaxiləçi xətt yürütdü. Marşall Planı Qərbi Avropanı kommunizmdən xilas etdi, Türkiyə və Yunanıstan Sovet təhlükəsindən qorundu. Ancaq Koreya Müharibəsindəki itkilər (36,500) cəmiyyətdə xarici ekspedisiyalara iştahı xeyli azaltdı. On il sonra yüksəliş kursu götürən müdaxiləçilik xəttini Vyetnam Müharibəsi (1960-72) yenidən kəsdi. Cənub-Şərqi Asiyada 60,000 əsgər itirən Amerika uzun müddət – İraq diktatoru Səddam Hüseyn Küveytə soxulanadək – irimiqyaslı münaqişələrdən uzaq durdu. 1991-ci ildə Körfəz Müharibəsində əzici qələbə Amerika silahının gücünü nümayiş etdirdi və cəmiyyətdə özünə-inamı xeyli artırdı. Bu müdaxiləçi period 2003-cü ildə ABŞ-ın Səddamı devirməsindən və İraqda çox sayda əsgər itirməsindən sonra başa çatdı. Demokrat namizəd Barak Obamanın hakimiyyətə gəlməsində onun ABŞ qüvvələrini İraq və Əfqanıstandan çıxaracağı vədi böyük rol oynadı. Amma belə görünür ki, son vaxtlarda ərəb dünyasında baş verən proseslər Prezident Obamanın təcrid təmayüllü siyasətini artıq tənqid hədəfinə çevirməkdədir.

“Obamanın təhlükəli passivliyi Misirdə və Suriyada aşkar görünür,” Jackson Diehl Washington Post-da yazır. Eyni sentiment vaxtikən təcridçi siyasətin ən qızğın təfərdarlarından olan Eugene Robinsonun məqaləsində də aydın sezilir. “Misirdə Onurğasızlıq” başlıqlı məqalə Obama administrasiyasını xarici siyasətdə daha fəal rol oynamağa səsləyir. The New Republic məcmuəsinin liberal yazarı Leon Wieseltiern gəldiyi qənaət isə daha sərtdir: “Amerikanın fəaliyyətsizliyi – az qala “çox şey edə bilmədiyimizdən heç nə etməyəcəyik” mövqeyi – Amerikanın qüdrətindən lərzəyə gələn paranoyalı insanlara məqsədəuyğun cavab deyil. Demokratiya uğrunda çarpışan cəmiyyətlərdə mübarizənin sonucuna təsir göstərməkdən imtina etmək təkcə Amerkanın dünya düzənində qüdrətini, onun moral və strateji əhəmiyyətinin inkar etmək deyil, Amerika prezidentinin öz səlahiyyətlərini icra etməkdən boyun qaçırması anlamına gəlir.”

İraqda həlak olmuş amerikalı əsgər dəfn olunur.

2003-cü ildə ABŞ İraqa hərbi müdaxilə edəndə bəziləri bunu avantürizm kimi qələmə verir, başqaları hətta imperializmin təzahürü kimi qiymətləndirirdilər. Amerikanın İraqda demokratiya qurmaq amacına dərin şübhə yanaşan qüvvələr, Birləşmiş Ştatların yalnız öz maraqlarından çıxış etdiyini və diktator Səddam Hüseynin devrilməsinin demokratiyaya heç bir dəxli olmadığını israr edirdilər. Bu arqumentin tərəfdarları ABŞ-ın Avropada, Yaponiyada və Cənubi Koreyada hərbi müdaxilələrin ardınca həqiqətən də demokratiya qurduğunu nəzərə almağa həvəs göstərmirdilər və əmin idilər ki, bu müharibədən yaxşı heç nə çıxmayacaq. Başqa tərəfdən, post-Səddam İraqında ağır itkilərlə üzləşən Amerika cəmiyyətində də demokratiya qurmaq amacı ilə xarici hərbi ekspedisiyalara ictimai dəstək kəskin azaldı. İraq Müharibəsi Corc W. Buşun ictimai reytinqlərini alt-üst etdi. Vəziyyət o həddə çatdı ki, hətta onun təmsil etdiyi Respublikaçılar özlərini prezidentdən uzaqlaşdırmağa başladılar. Bu mənada Barak Obamanın prezident seçilməsi müdaxiləçilik cərəyanı üzərində qələbə idi.

Xarici müdaxilələrə qarşı etiraz cərəyanının Amerika tarixində dərin kökləri var.

Müdaxilə etməli yaxud etməməli? İki cəbhəyə bölünmüş intellektual qüvvələrin hər biri tutarlı arqumentlərə malikdir. Təcridçiliyə səsləyən qüvvələr Amerikanın dünyanın polisi olması fikri ilə razılaşmırlar. Onların fikrincə hər bir toplum özü öz taleyi üçün məsuliyyət daşıyır və xalqlar öz talelərini nə dərəcə çox müəyyən etmiş olsalar, bir qədər öz siyasi quruluşlarına maraq göstərər, ona sadiq qalarlar. Amerikanın hər yerdə müdaxilə etməyə nə kifayət qədər resursu, nə də istəyi var. “Axı niyə uzaq bir səhrada demokratiya qurulması üçün gənc amerikalıların qanı axmalıdır?” deyə onlar sual edirlər. Niyə bunu ruslardan, çinlilərdən yaxud ispanlardan deyil, amerikalılardan gözləmək insanlara təbii görünür? Yaxud özlərinə nə gəlib? Necə deyərlər, könlü balıq istəyənin… Arqument sadədir: Amerikanı köhnə dünyadan iki nəhəng okean ayırır – qoy, həmin dünyanın subyektləri öz problemləri ilə özləri məşğul olsunlar. Həmçinin, təcridçi arqumentin bir çox tərəfdarları müxtəlif millətlərin müxtəlif mədəniyyətlərə sahib olduqlarını düşünülər və bu qənaətdədirlər ki, Qərb, konkret olaraq Amerika dəyərləri hər bir cəmiyyətə şamil oluna bilməz. Elə cəmiyyətlər var ki, orada milli-mədəni dəyərlər yaxud “mentalitet” demokratiya qurmağa imkan vermir.

Suriyalı ata Bəşar əl-Əsədin əsgərləri tərəfindən öldürülmüş oğlunun cəsədini tutub.

Müdaxiləçilərin arsenalı da kifayət qədər güclüdür. Tarix göstərir ki, hər dəfə Amerika dünyadan çəkiləndə, öz gücündən istifadə etməkdə tərəddüd göstərəndə, dünya qana bələnir və daha sonra yaranan problemi aradan qaldırmaq üçün daha çox amerikalının qanı axır. Götürək elə İkinci Dünya Müharibəsini. Əgər vaxtında Amerika öz nüfuzundan və qüvvəsindən istifadə edərək Hitler kimi meqalomanyakın hakimiyyətə gəlməsini və Almaniyada militarizmin güclənməsini əngəlləsəydi, yəqin ki, 60 milyon insan, o cümlədən yarım milyon amerikalı həyatlarını itirməzdi. “Niyə bunu ruslardan, çinlilərdən yaxud ispanlardan deyil, amerikalılardan gözləmək insanlara təbii görünür?” sualına da cavab sadədir: Çünki, Amerika sıradan bir millət deyil. Müdaxiləçilərin abunə olduqları “indispensable nation” (əvəzolunmaz millət) nəzəriyyəsi iddia edir ki, demokratiyanın beşiyi olan bu ölkə azad dünyanın həm iqtisadi həm də hərbi baxımdan ən qüdrətli dövlətidir. Təsadüfi deyil ki, Balkanlarda yaxud Liviya kimi yerlərdə, iş çətinə düşəndə “beynəlxalq ictimaiyyət” adlanan sivil toplum real hərəkət üçün Vaşinqtona üz tutur. Amerika azad dünyanın vuran əlidir və bu əl çox süst qalanda, bu gün Suriyada, Misirdə olduğu kimi, şər ayaq açır, qan su yerinə axır.

Tarixçi Walter A. McDougall yazır ki, “Amerika Birləşmiş Ştatlarının yaranması son dörd yüz ilin ən mühüm hadisəsidir, çünki onun yaratdığı yeni sivilizasiya təkcə öz mövcudluğu ilə bütün başqa sivilizasiyaların trayektoriyasına təsir göstərir.” “Amerikanın amacı ümumilikdə bəşəriyyətin amacıdır,” deyə amerikalı inqilabçı Thomas Paine uğrunda vuruşulan respublikanı hələ 1770-ci illərdə dünya boyu azadlığın qarantı kimi görürdü. Həlledici döyüş ərəfəsində əsgərlərə üz tutan general Corc Vaşinqton “doğulmamış milyonların taleyi bu gün sizin göstərəcəyiniz şücaətdən asılıdır” deyə davamçılarına xatırladırdı ki, onların uğrunda savaşdıqları şey təkcə Amerikanın Britaniyadan müstəqilliyi yox, daha möhtəşəm bir ideyadır. Əlbəttə, bu ideyaları əməldə yaşatmaq göründüyündən xeyli çətin, xeyli qan-qadalı bir məsələdir və zaman-zaman Ağ Evin sahibləri bu öhdəliyin doğurduğu dilemmalarla çarpışıblar. Təkcə xarici siyasətdə yox, elə daxili siyasətdə də liderlər çətin məqamlarda çətin seçimlər etməli olublar.

Quldarlığın ləğv edilməsi uğrunda savaşılan və 620,000 adamın ölümü ilə nəticələnən Vətəndaş Müharibəsi (1861-65) Amerikanın tarixdə üzləşdiyi ən qanlı müharibə olub.

“Yaxşı ki, müharibələr belə dəhşətli olur, yoxsa biz buna vərdiş edərdik,” deyə nəhəng sayda itkilərlə müşayiət olunan və quldarlığa son qoyan ABŞ Vətəndaş Müharibəsinin axırında Cənub qüvvələrinin komandanı General Robert E. Lee söyləmişdi. Bir tərəfdə məcburiyyət, başqa tərəfdə məhrumiyyət – müharibə qərarı vermək ciddi götür-qoy tələb edir. İnsanların taleyinə cavabdeh olan hər bir lider atacağı addımın fəsadlarını – müsbət və mənfi – hesablamağı bacarmalıdır. Belə situasiyalarda çox vaxt asan çıxış yolu olmur. “Şərin qalib gəlməsi üçün yaxşı adamların heç nə etməməsi kifayət edir,” deyə britaniyalı filosof və dövlət xadimi Edmund Burke bəzi hallarda hərəkətə keçməyin vacibliyini vurğulayırdı. Xeyirə xidmət edən qüvvələrin istər fəaliyyəti istərsə də fəaliyyətsizliyi milyonlarla insanın həyatına toxunur. Böyük qüdrət özü ilə böyük məsuliyyət gətirir. Bunu dərk etmədən nə o qüdrəti saxlamaq, nə də ondan istifadə edərək xeyirə qulluq etmək mümkündür.

XS
SM
MD
LG