1962-ci ilin fevralında Nikita Xruşovun Pitsunda qəsəbəsindəki daçasında SSRİ-nin müdafiə şurası fövqəladə iclas üçün toplaşmışdı. Vəziyyət son dərəcə gərgin idi. Vaşinqtonda Kennedi administrasiyası vurulacaq Sovet şəhərlərinin siyahısını nəzərdən keçirməklə məşğul idi. Sovet lideri amerikalıların nüvə hücumuna necə cavab veriləcəyi haqda komandirlərə sual ünvanladı. R-16 ballistik raketlərini ABŞ-ın Minuteman raketləri ilə müqayisə edən Marşal Kiril Moskalenko dilləndi: “Biz bu raketi atmaq üçün hazır olmazdan əvvəl bizdən heç yaş ləkə də qalmayacaq.” Moskalenko düz deyirdi. Moskvanın gurultulu təbliğatına baxmayaraq amerikalılar nüvə imkanları baxımdan sovetlərdən qat-qat üstün idilər. Amma o da bir həqiqət idi ki, müharibə başlanacağı təqdirdə Yer kürəsi məhv ola bilərdi.
Yaxşı bəs vəziyyət bu nöqtəyə necə çatdı? Bioqrafiyada oxuduqlarımdan aydın görünür ki, cavab Xruşov və onun rəhbərlik etdiyi totalitar SSRİ-nin impulsiv xarici siyasətinə tuşlanır. Hər şey Xruşovun kommunizmə yuvarlanan Kubada nüvə raketləri yerləşdirmək qərarından başlamışdı. 1959-cu ilədək ruslar Monro Doktrinasına hörmət edərək Qərb yarımkürəsindən kənar dururdular. Amma Fidel Kastronun hay-küylü inqilabı və onun ardınca Sovet rəsmisi Anastas Mikoyanın bu ölkəyə səfərləri, cəmi 3 ilin içərisində Kremldə belə bir təəssürat yaratmışdı ki, nəyin bahasına olursa olsun Kubanı ABŞ-ın müdaxiləsindən qorumaq lazımdır. “Mən fikirləşdim ki, biz bu raketləri orada yerləşdirsək ABŞ hərbi yolla onları vurmaq barədə dübarə fikirləşməli olar. Hətta əgər bizim oradakı raketlərimizin dörddə bir hissəsi toxunulmaz qalsaydı, biz Nyu Yorku vura bilərdik. Orada çoxlu adam öldürərdik,” Xruşov öz xatirələrində yazır.
Başqa hesablama da bu idi ki, Kubada raket yerləşdirməklə ABŞ-la hərbi balans yaranacaqdı. Sonradan DTK-nın rəhbəri olacaq Yuri Andropov Xruşova deyirdi: “Bunu etdikdən sonra biz ABŞ-ı qarnından vurmaq imkanına yiyələnəcəyik.” Xruşov əmin idi ki, raketləri Amerika torpağına bu qədər yaxın məsafəyə gətirməklə o, kapitalist rəqiblərini qorxudacaq. “Amerika heç vaxt öz torpağında xarici dövlətlə müharibə aparmayıb. Və bundan xeyli qazanc götürüb. Amerika bütün dünyanı qana bələməklə milyardlarla dollar qazanıb,” deyə Xruşov kommunist təbliğatını əldə bayraq edərək dünyanı qiyamətin bir addımlığına yaxınlaşdırırdı.
Xruşov birinci məqsədinə nail ola bilmişdi. Amerikalılar kifayət qədər qorxmuşdular. “Bu köpək öğlu ruslar, gör yenə də nə oyun çıxarıblar,” deyə Rusk raketlər aşkar olunandan bir neçə saat sonra Ağ Evdə isteriya qaldırmışdı. Avtokratik liderlərə xas olaraq Xruşovun bütün oyunu ona hesablanmışdı ki, qarşı tərəfi müharibə ilə təhdid edərək istədiyinə nail olsun. Xruşov bu taktikaya o qədər investisiya qoymuşdu ki, o fərqli ssenarini heç ağlına da gətirməmişdi. Bəs yaxşı, əgər amerikalılar qorxub Sovet İttifaqına hücum etmək qərarına gəlsələr? Bu düşüncə cəmi üç kilsə sinfi qurtarmış Xruşovun beynindən keçməmişdi. Sovet lideri iki olaydan – Donuzlar Buxtası hücumunun iflasa uğraması və xəstələnmiş Kennedini Vyanada sammit zamanı qoz qabığına salması – bu qənaətə gəlmişdi ki, ABŞ lideri qorxaqdır və onu istənilən güzəştə vadar etmək olar.
Kennedi isə Xruşovun blefini açmışdı. Florida ştatında cəmləşmiş ABŞ slahl qüvələrini tam döyüş hazırlığına gətirən və Kubanı mühasiərəyə alan Con F. Kennedi aydın etdi ki, adaya bir Sovet gəmisi də buraxılmayacaq. Seçim Xruşovun idi. O, ya adaya doğru istiqamət almış gəmilərin amerikalılar tərəfinən zəbt olunmasına imkan verməli, bununla da müharibəyə başlamalı, ya da quyruğunu qısıb geri çəkilməli idi. Təbii ki, ölmək istəməyən Xruşov ikinci seçimi etdi. Həmin vaxt siutasiyanın ağırlığını dərk etməyən qüvvələr də var idi. Məsələn, Fidel Kastro Sovet rəhbərliyinə ünvanladığı uzun məktubda Xruşovu faktiki nüvə mühraibəsi başlatmağa dəvət edirdi. Bəziləri geri çəkilməyi rüsvayçılıq əlaməti kimi qiymətləndirərək Xruşovdan axıradək getməyi gözləyirdilər. Amma bütün başqalarından fərqli olaraq Xruşov anlayırdı ki, xına o xına deyil.
Amerikanın tələbi aydın idi: Nikita Xruşov radioda xalqa müraciət etməli və açıq şəkildə raketlərin Kubadan çıxarılacağını elan etməli idi. Rəsmi Vaşinqton bağlı qapılar arxasında verilən və çox zaman heç bir mənası olmayan vədləri qəbul etmək niyyətində deyildi. Sovet İttifaqı bütün dünya ictimaiyyətinin gözü qarşısında geri çəkilməliydi. Belə də oldu. Xruşovun radioya çıxaraq uzun uzadı sülhdən və Sovetlərin nailiyyətlərindən dəm vurdu … və bəyan etdi ki, raketlər Kubadan çıxarılacaq. Əslində Xruşov geri çəkilərkən mühüm qələbə əldə edə bildi. Raketləri Kubadan çıxarmağın müqabilində o, Amerikadan zəmanət aldı ki, bir də Kubaya hücum cəhdi olmayacaq. İlk baxışdan Sovetlər istədiklərinə nail oldular. ABŞ Kubaya hərbi müdaxilə etmədi. Lakin Mayamidən cəmi 70 kilometr cənubda iflasa uğramış ideologiyanın fiziki nümunəsi olaraq kommunist ada bu günədək demokratik kapitalizmin utopik kollektivizm üzərində üstünlüyünü əyani şəkildə sübuta yetirməkdə davam edir.