Ələkbər Raufoğlunun sözlərinə görə, Mehman Hüseynova qarşı qaldırılan yeni cinayət işinin məhz dekabr aylarının sonunda baş verməsi təsadüfi deyil.
"Əslində Mehman Hüseynova qarşı hakimiyyətin yeni bir cinayət işi hazırladığı barədə xəbər hələ o vaxt, oktyabr ayından onun ailəsi tərəfindən beynəlxalq təşkilatlara çatdırılmışdı. Buna görə Mehmana qarşı yeni cinayət işinin açılmasına qarşı özünün və ictimaiyyətin reaksiyası elə məhz bu faktdan irəli gəlir. Burada vaxt çox mühümdür. Dekabrın sonları qərb dünyasında bayram vaxtları hesab olunur, bundan əlavə Vaşinqtonda höküməti artıq bir aydır bağlıdır. Bu mərhələdə hakimiyyət əvvəldən elan etdiyi planı reallaşdırmaqla beynəlxalq və yerli ictimaiyyəti qəzəbləndirdi."
Amnesty International təşkilatının Azərbaycan üzrə ölkə mütəxəssisi Ələkbər Raufoğlu bildirib ki, İlqar Məmmədovun azadlığa buraxılmasından sonra siyasi məhbus siyahısından heç kəsin azadlığa buraxılmaması və ötən ilin yayından bəri artıq həbs müddəti başa çatmaqda olan şəxslərə qarşı yeni cinayət işlərin düzüb-qoşulması halları yerli və beynəlxalq ictimaiyyətdə bu günə qədər olmayan tərzdə qəzəb doğurur.
Bu hadisə son illərdə ilk hadisədir ki, beynəlxalq və yerli ictimaiyyət bir nöqtədən vurur.
"Reaksiya əslində daha güclüdür. Sadəcə bu texniki səbəblərdən daha az ifadə olunur. Amma mən son bir neçə gün ərzində Dövlət Departamentində və Konqresdən eşitdiyim səslərdən belə nəticəyə gəlirəm ki, həqiqətən də çox qəzəblidirlər və bunun qəbulolunmaz olduğunu, bunun durdurulmalı prosses olduğunu ortaya qoyurlar. Konqresin hər iki qanadı yəni, həm Senatda, həm də Nümayəndələr Palatasında güclü səslər artıq səslənib. Marko Rubio münasibət bildirib, Konqresmen Smit bəyanatla çıxış edib. Qarşıdakı günlərdə daha bir neçə konqresmen bu hadisə ilə bağlı səsini qaldıracaq. Bu hadisə son illərdə ilk hadisədir ki, beynəlxalq və yerli ictimaiyyət bir nöqtədən vurur."
Jurnalist əlavə edib ki, hökümət Mehman Hüseynova qarşı başladılan yeni cinayət işinin beynəlxalq və yerli ictimaiyyətdə bu qədər güclü reaksiya doğuracağını hesablamamışdı.
Bunu bəzəyib-düzəyib, təbliğat maşınları ilə yenidən don geydirərək insanlara sığdırmaq mümkün deyil.
"Hakimiyyətdə belə bir əminlik var ki, biz ictimai fikri nəzarətdə saxlayırıq. Bunu da edənlər hakimiyyətin yuxarı eşalonlarında həm ictimai proseslərə nəzarət edən, həm də mətbuat sahəsini monopoliyaya almış şəxslərdir. Onlarda əminlik var ki, Azərbaycan reallığıdır, kiçik ölkədir və biz bütün ipləri möhkəm sıxmışıq, əlimizdə saxlamışıq. Amma artıq bu vəziyyət normaldan çıxıb. Tətbiq etdikləri bu metod yeni bir metoddur. Ona görə bunu kimlər hazırlamışdısa bu addıma qarşı gələcək ictimai reaksiyanı düzgün hesablamamışdı. Həmin insanlar həm öz auditoriyaları, həm rəhbərləri, həm də Azərbaycan ictimaiyyəti qarşısında cavab verməlidirlər.
Bu əvvəldən düzgün qurulmamış hakimiyyətin kampaniyası idi. Artıq cin şüşədən çıxıb. İnsanlar görürlər ki, bu, çılpaq yalandır. Bunu bəzəyib-düzəyib, təbliğat maşınları ilə yenidən don geydirərək insanlara sığdırmaq mümkün deyil. Buna görə düşünürəm ki, hakimiyyət buna hazır deyildi."