Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzərin şimal və cənub bölgələrində apardığı monitorinqlərin nəticələrinə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) (Bakıdan 168 kilometr şimal) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunub. Lənkəran və Astara rayonları (Bakıdan 270-320 kilometr cənub) ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub. Həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verilir.
Bu barədə ETSN Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlərin nəticəsi olaraq bu iradənin rəisi Ərəstun Həsənov bildirib.
Həsənovun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.
Nazirliyin digər xəbərində deyilir ki, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı aparılan reydlər nəticəsində dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşlarının 9 müxtəlif məkanda Xəzər sahilinə qoyulan qapı və şlaqbaumları, habelə qiymət yazılan lövhələri götürdükləri bildirilir.
BŞİH-in mətbiat xidmətinin mətbuat xidmətinin məlumatına görə, iyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib.
Sosial şəbəkələrdə Abşeromn yarımadasındakı çimərlik ərazilərinin çəprələnməsi, çimərliklərə giriş üçün pul tələb edilməsi ilə bağlı çoxsaylı məlumatlar və videolar yayılıb.
Hüquqşünas Aslan İsmayılov facebook səhifəsində yazıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti Şıx çimərliyində olduqları və 9 müxtəlif məkana baş çəkdikləri barədə məlumat yayıb.
“Orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar. Ancaq insanların əsas çimərlik yerləri olan Sumqayıt, Buzovna, Mərdəkan, Bilgəh, Nardaran, Türkan, Şüvəlan və s. yaddan çıxıb. Bu yenə də insanları avam yerinə qoymaqdır. Bəyanat xatirinə 9 dənə krışası zəif olanların şlaqbaumlarını götürməklə faktiki xalqın üzünə qapadılan dənizin azad istifadəsi problemi həllini tapan deyil. Bir-iki gündən sonra yenə köhnə qayda davam edəcək. Edilənlər ancaq görüntü üçündür. Bu qaydanı çimərlik mövsümünün sonuna qədər davam etdirəcəklər. Əgər həqiqətən rüşvət almırlarsa, həmin çimərliklərdə olan hasarlar, girişə olan maneələr dərhal sökülməli və həmin şəxslər cəzalanmalıdırlar. Mən ancaq istirahət obyektlərini nəzərdə tutmuram, söhbət həm də sahilboyu tikilən məmur villalarından gedir. Bir harınlamışın ayda bir dəfə baş vurduğu villasına görə minlərlə sıravi vətəndaşımız dəniz üzünə həsrət qalıb,” hüquqşünas qeyd edib.