15 sentyabrda Beynəlxalq Sahilyanı Təmizlik Günündə Avropa İttifaqının (Aİ) Nümayəndəliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, EkoSfera Sosial və Ekoloji Mərkəzinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlarını çimərliyin təmizlənməsi kampaniyası üçün səfərbər edib.
"Çimərliyin çirklənməsi hər birimizi narahat edir, bu, hər birimizin töhfə etdiyimiz bir problemdir, bu məsələni birlikdə həll etməyimiz daha ədalətli olar. Bu səbəbdən də dənizin zibillənməsinin təsirləri barədə məlumatlandırmanı artırmaq üçün bu gün burada bir araya gəlmişik, dünyamızı tək təmizləməklə deyil, həm də zibilləməməklə çirklənməkdən qorumaq üçün hər kəsi bizə qoşulmağa çağırırıq", Aİ Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas deyib.
Diplomatik icmanın 200-dən artıq nümayəndəsi və onların ailə üzvləri Bakının Novxanı qəsəbəsindəki çimərliklərin birini təmizləməklə kampaniyaya qoşulub.
Azərbaycan-Fransız Universitetinin tələbələri, Açıq Qonşuluq layihəsi tərəfindən idarə olunan "Gənc Avropa Səfirləri" şəbəkəsinin iştirakçıları, Aİ Nümayəndəliyinin təşkil etdiyi Avropa Məktəblərinin keçmiş tələbələri də təşəbbüsə qoşulub.
Bu barədə Avropa İttifaqının Nümayəndəliyi məlumat yayıb.
Aİ Nümayəndəliyi #AİÇimərliyinTəmizlənməsi Kampaniyasına dünyada qoşulan 40 Nümayəndəlikdən biridir.
Aİ nümayəndəliyi bəzi maraqlı faktları da diqqətə çatdırıb:
- Dənizdə olan zibillərin təxminən 95% okeanın dibinə çökür, dəniz yanağına, fauna və floraya zərər vurur. Dəniz zibilin yalnız 5%-ni sahilə vurub çıxarır.
- Aİ-da sahilyanı zibilliklərin 80-85% plastikdən ibarətdir. Sahildə olan plastik zibillərin təxminən 50% bir dəfə istifadə edilən plastikdir (plastik torbalar, plastik çəngəl-bıxaq, salfet və yemək qabları, fincan və s.)
- Hər il 8 milyon plastik dənizə atılır. Onun çürüməsi yüz illər çəkir, zibil xırda hissələrə parçalanır və sonda bizim qida zəncirinə daxil olur.
- BMT-nin Ətraf Mühit proqramı plastik zibilliklərin dəniz eko-sistemlərinin cəmi təbii kapitalına vurduğu zərəri illik olaraq 13 milyard ABŞ dolları dəyərində hesablamışdır.
- 29-30 oktyabrda ümumdünya okean liderləri Balidə keçiriləcək 5-ci #OurOcean konfransında bir araya gələcəklər. Aİ həm daxildə, həm də xaricdə daha sağlam və ekoloji daha təmiz okean və çiçəklənən sahilyanı icmalar naminə işləməyə qərarlıdır.