İran Azərbaycanının Ərdəbil şəhərində Qarabağa dəstək mitinqləri ilə əlaqədar həbs edilən 10 vətəndaşa onlara qarşı irəli sürülən iki ittihamdan bəraət qazandırılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, oktyabrın 1-də Ərdəbil şəhərində Qarabağa dəstək mitinqinə çağırışlardan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən 10 vətəndaş onlara qarşı irəli sürülən 3 ittihamdan ikisindən bəraət alıb.
Ərdəbil Cinayət Məhkəməsinin 106-cı şöbəsi tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə Mərziyə Cavanşir, Mehrdad Əlayi, Əli Məali, Məhəmmədrza Əbdiyan, Ramin Danəndə, Ramin Xorşidi Zəngbar, Şəmsəli Məhəmmədi, Əhməd Məhəmmədpur, Puya Həsənxani və Daryuş Niyaziyə göndərilən bildirişə görə, onlar iki ittihamdan, o cümlədən "qarışıqlığa cəhd göstərərək ictimai asayişi pozmaq" və "dövlət məmurlarına qarşı üsyan qaldırmaq" ittihamlarından bəraət alıblar.
Onlara hal-hazırda "milli təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə" ittihamı irəli sürülüb. Noyabrın 29-da hazırlanan məhkəmə qərarı son günlər ərzində bu vətəndaşlara bildirilib.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə keçirilən Azərbaycana dəstək mitinqləri ilə əlaqədar çox sayda milli fəal və vətəndaş həbs edilib və işgəncələrə məruz qalıb.
Mitinqlərdə saxlanılan şəxsin bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onlar haqqında başladılan mühakimə prosesi hələ də davam edir.