Ərdəbildə divarlara türkcə adı olan uşağa şəxsiyyət vəsiqəsi verilmədiyi üçün etiraz şüarları yazılıb

İran Azərbaycanının Ərdəbil şəhərində milli fəallar "Ayıl" adlı uşağa adının türkcə olması səbəbilə şəxsiyyət vəsiqəsinin verilməməsinə etiraz məqsədilə şəhər divarlarına şüarlar yazıblar.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, sentyabrın 22-də İran Azərbaycanın Ərdəbil şəhərindəki milli fəallar uşaqlara türk adlarının verilməsini qadağan edən siyasətə qarşı şəhər daxilində qrafiti şəklində genişmiqyaslı dinc etirazlar keçiriblər.

Divarlarda yazılan "Ayıl" adı ərdəbilli sənətçi və milli fəal Səccad Colaninin sosial şəbəkədə yayımladığı videodan sonrasosial media istifadəçiləri tərəfindən trend halına çevrilən etiraz həştəqindən götürülüb.

Divarlarda yazılan şüarlarda İranda irqçiliyə son verilməsi və uşaq hüquqlarının təmin edilməsinə dair çağırışlar yer alıb.

Səccad Colani ötən həftələrdə öz Instagram səhifəsində yayımladığı videoda uşağına türkcə ad qoyduğu üçün ona şəxsiyyət vəsiqəsinin verilmədiyi barədə məlumat vermişdi.

Güneyli sənətkar Səccad Colani Ərdəbil şəhərinin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin qarşısında bir video yayımlayaraq, iki aylıq səylərinə baxmayaraq övladının ad hüququndan məhrum edildiyini bildirmişdi.

Ərdəbilin Vətəndaşlıq Qeydiyyatı İdarəsinin səlahiyyətliləri milli fəala "Tehranda tələb olunan adın təsdiqlənməməsi şifahi olaraq elan edilib və uşağın ailəsinə rəsmi bildiriş göndərilənə qədər onlar başqa bir ad seçmək və dəyişdirmək barədə düşünməlidirlər" deyiblər.

Səccad Colani İran hökumətinin qızına seçdiyi "Ayıl" adına həm türkcə olduğuna, həm də onun daşıdığı mənaya görə icazə verilmədiyi qənaətindədir.

O, bu təbii hüququndan heç bir şəkildə imtina etməyəcəyini söyləyib.

Ötən həftələrdə insan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti Səccad Colaninin videosunu ingiliscə subtitrlə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına, BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinə, eləcə də BMT Uşaq Fonduna göndərərək, İranda türklərin davamlı olaraq İran hökuməti tərəfindən insan ləyaqətini alçaldan rəftarlara məruz qaldığını bildirib.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə təqdim edilən siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir və bu birinci dəfə deyil ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsi uşaqlara türk adlarının verilməsinə qarşı çıxır.

1989-cü ilə aid Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsinə əsasən, hər uşaq dünyaya gəldiyi gündən bəri adla və şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq hüququna sahibdir.