Ərdoğanın məğlubiyyəti Türkiyə üçün dönüş nöqtəsi ola bilərmi?

Your browser doesn’t support HTML5

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü siyasi rəqiblərinin İstanbulda qalib gəlməsi ilə məğlubiyyətə uğrayıb.

Əkrəm İmamoğlunun İstanbul merliyi uğrunda təkrar seçkidə əldə etdiyi qələbə nəticəsində müxalifət son on ildə ilk dəfə olaraq zəfərini bayram edib.

AKP-ni idarə edənlər Türkiyədəki mühafizəkar və dindar insanların müxtəlifliyini təmsil etmir. Bu isə o deməkdir ki, yeni partiya yaratmaq istəyənlər Türkiyə xalqına ‘bizim daha müxtəlif və ya mühafizəkar liberal partiyaya ehtiyacımız var’ deyəcək.
Mesut Yeğen

​İnsanlar gecə boyu rəqs edib və prezident Rəcəb Tayyib Ərdoğanın şəhərə 25 illik nəzarətinə son qoyulmasını qeyd edib.

Müxalifətin istinadgahı olan İstanbulun Beşiktaş rayonunun sakinlərinin 83 faizi İmamoğluna səs verib.

İndi müxalifət İmamoğlunu prezidentlik səsverməsində Ərdoğanı məğlub edə biləcək namizəd olaraq görür.

“Biz onu sevirik. Ümid edirəm ki, bir neçə il sonra yenə qələbə əldə edib, prezident olacaq. Mən ona inanıram, onun layihələrinə inanıram və ona etimad edirəm. Keçən gecə biz bayram etdik və çox həyəcanlıyıq”, İstanbul sakini bildirib.

Boğazın digər tərəfində isə Ərdoğanın və mühafizəkarların istinadhagı olan Üsküdar rayonu yerləşir.

Amma hətta orada belə insanların çoxu kiçik səs fərqi ilə İmamoğlunu dəstəkləyib.

Ərdoğanın Ədalət və İnkişaf partiyasının tərəfdarları isə müxtəlif hisslər keçirir.

“Mən şəxsən kədərliyəm. Mən 1994-cü ildə keçirilən bələdiyyə seçkisindən bəri Ərdoğana səs verirəm”, AKP tərəfdarı söyləyib.

Lakin digər AKP tərəfdarı deyir ki, İstanbuldakı məğlubiyyət partiyanın və Ərdoğanın yolundan azdığına işarədir.

“Birincisi, artıq xalqla barışmaq lazımıdır. O, ziyalıların həbsinə son qoymalıdır və ifadə azadlığını bərpa etməlidir. İkincisi, öz xalqını dinləməlidir, ‘iqtisadiyyatı canladırmaq üçün nə etməliyəm?’ deyə soruşmalıdır”, AKP təfdarı deyib.

Ərdoğan siyasi prestijindən istifadə edərək, partiyasının namizədi Binəli Yıldırım üçün seçki kampaniyası aparıb.

Əkrəm İmamoğlu

Müşahidəçilər deyir ki, prezidentin məğlubiyyəti onun partiya daxilindəki tənqidçilərini gücləndirəcək.

“AKP-ni idarə edənlər Türkiyədəki mühafizəkar və dindar insanların müxtəlifliyini təmsil etmir. Bu isə o deməkdir ki, yeni partiya yaratmaq istəyənlər Türkiyə xalqına ‘bizim daha müxtəlif və ya mühafizəkar liberal partiyaya ehtiyacımız var’ deyəcək”– İstanbul Şehir Universitetinin sosiologiya professoru Mesut Yeğen bildirib.

Ərdoğanın ilk qələbəsi 1994-cü ildə İstanbulda olub və o bu şəhər vasitəsilə Türkiyə siyasətində böyük rol oynayıb.

Lakin onun bazar günü bir zamanlar idarə etdiyi şəhərdə məğlubiyyəti böyük dönüş nöqtəsi ola bilər.