Komissiya üzvü: Əfv Komissiyası artıq mindən çox müraciətə baxıb

Həbsxana

Bu gün, martın 13-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti, 9-cu iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və ümumilikdə baxılan müraciətlərin sayın mindən çoxdur.

Your browser doesn’t support HTML5

Əliməmməd Nuriyev: Əfvlə bağlı bütün müraciətlərə, o cümlədən QHT-lərin müraciətlərinə baxılır

Onun sözlərinə görə, komissiya işini növbəti həftə də davam etdirəcək.

“Daha sonra komissiyanın gəldiyi qərarlar və məlumat cənab prezidentə təqdim ediləcək,” o qeyd edib.

Nuriyevin sözlərinə görə, müraciətlərin strukturu müxtəlifdir.

“Müxtəlif növ cinayət etmiş məhkumlar tərəfindən əfv xahişi ilə müraciətlər edilib. İqtisadi cinayətlər, mülkiyyət əleyhinə olan cinayətlər, oğurluq, soyğunçuluq, quldurluq, şəxsiyyət əleyhinə, idarəçilik əleyhinə, yol-nəqliyyat hadisələri, hərbi cinayətlərlə bağlı əfv müraciətləri var.”

O, Amerikanın Səsinin bir sıra hüquq müdafiə təşkilatlarının hüquq müdafiəçiləri tərəfindən siyasi mıəhbus kimi tanınan və ömürlük həbsə məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı müraciətlərinə baxılıb-baxılmaması barədə sualının cavabında deyib ki, bütün xarakterli müraciətlərə baxılır.

“Ayri-ayrı qeyri hökumət təşkilatları tərəfindən müraciətlər edilib və bu, mətbuatda dərc edilib. O cümlədən, ömürlük həbsdə olan şəxslər hər zaman müraciətlər edir. Komissiyada müraciətlərə baxılmasında vahid yanaşma var. Müraciətlər daxil olubsa və əfvetmə qaydalarına uyğundursa bütün müraciətlərə baxılır,” o qeyd edib.

Xatırladaq ki, son günlər Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslarını davam etdirir.

Komissiyanın üzvlərinin dediyinə görə, mindən çox insanın əfvi ilə bağlı müraciət daxil olub.

Müşahidəçilər Novruz Bayramı ərəfəsində əfv olacağına ümid edir.

Azərbaycanda artıq iki ilə yaxındır bütün kateqoriyalardan olan müraciətlərlə bağlı ölkədə əfv sərəncamı olmayıb.

Son kütləvi əfv sərəncamı 2019-cu il martın 16-da olub. Bu sərəncam 431 nəfərə şamil edilib, onların 51 nəfəri yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınanlar olub.

Ötən il aprelin 7-də COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna daxil olan məhbusların müraciətinə baxılıb, 176 şəxs əfv olunub.

Son aylarda çoxsaylı hüquq-müdafiə təşkilatları ölkə başçısına müraciət edərək əfv və ya amnistiyanın vacibliyini xatırladıb. Hüquq müdafiəçiləri həmçinin siyasi məhbus kimi tanınan yüzdən çox məhbusun əfvini xahiş edib.