Əfqanıstanda bir gündə iki partlayış: 30 ölü

Talibanın intiharçı bomba hücumçularının Əfqanıstanda çərşənbə axşamı günü törətdikləri ən ölümcül iki hücum nəticəsində azı 30 adam ölüb. Hücumlardan biri prezident Əşrəf Qaninin seçkiöncəsi mitinqi yaxınlığında törədilib. Əşrəf Qani özü xəsarət almayıb.

Hücumlar Əfqanıstanda keçiriləcək prezident seçkilərindən 11 gün əvvəl baş verib. Taliban komandirləri ABŞ-la üsyançı qrup arasında sülh danışıqlarının baş tutmamasından sonra prezident seçkilərini zorakı şəkildə pozacaqlarına söz veriblər.

Sentyabrın 28-də keçiriləcək səsvermədə ikinci dəfə beş illik müddətə seçilmək istəyən Qani mərkəzi Parvan vilayətinin paytaxtı Çarikarda intiharçının izdihama hücum etdiyi zaman mitinqdə çıxış etməli idi.

Pərvan vilayət xəstəxanasının müdirinin verdiyi məlumata görə, sekçiöncəsi mitinqdə partlayış nəəticəsində 24 nəfər ölüb, 31 nəfər yaralanıb. Xəsarət alanlar arasında qadınlar və uşaqlar da var.

Yerli hökumət rəsmisi hücumun intiharçı tərəfindən törədildiyini bildirib. Prezident Əşrəf Qaninin köməkçisinin verdiyi məlumata görə, prezident həmin əraziyə yaxın olub, lakin xəsarət almayıb.

Eyni gündə paytaxt Kabilin digər bir hissəsində daha bir partlayış baş verib. Polis və səhiyyə işçilərinin bildirdiyinə görə ən azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Taliban hər iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb və üsyançıların nümayəndəsinin verdiyi bəyanatda hücumların təhlükəsizlik qüvvələrini hədəf aldığı bildirilib.

"İnsanlara xəbərdarlıq edildi", bəyanatda deyilir.

"Marionet administrasiyasının seçki mitinqlərində iştirak etməyin. Çünki bu cür toplanışların hamısı bizim hərbi hədəfimizdir. Xəbərdarlığa baxmayaraq kimsə zərər görərsə, onlar özləri günahkardır"- deyə, bəyanatda bildirilir.

Ölkədə keçirilən mitinqlərdə təhlükəsizlik tədbirləri Taliban tərəfindən yığıncaqlara və seçki məntəqələrinə hücum təhdidlərindən sonra gücləndirilib. Qrup qarşıdan gələn seçkilərdə insanların səs verməsinə mane olmaq üçün Əfqanıstan və xarici hərbi qüvvələrlə qarşıdurmaların intensivləşdirməyə söz edib.

Ötən həftə ABŞ və Taliban arasında sülh danışıqları pozulub. Tərəflər üsyançılardan təhlükəsizlik qarantiyaları müqabilində minlərlə Amerika əsgərinin Əfqanıstandan çıxarılması ilə bağlı razılıq əldə etməyə çalışırdılar.

Əfqanıstan hökumətinin iştirak etmədiyi danışıqlar Əfqanıstanda 40 ildən artıq davam edən müharibəyə son qoymaq üçün daha geniş sülh danışıqlarının başlanğıcı kimi nəzərdə tutulmuşdu.