Taliban mağazalarda cansız manekenlərin başlarının çıxarılması haqda göstəriş verib

Əfqanıstanın qərbindəki Herat vilayətində qadın geyimləri mağazaları Talibanın göstərişi ilə vitrinlərdən manekenlərin başlarını çıxarmağa başlayıblar.

Yerli biznes icmasının lideri Obeydulla Yari bazar ertəsi Amerikanın Səsinə bildirib ki, vilayətlə eyniadlı paytaxt Heratda olan mağazaların təxminən 20 faizi cəzalanmamaq üçün artıq əmri icra edib.

Talibanın İslamı qaydalarının icrasına görə məsuliyyət daşıyan Əxlaqın Təşviqi və Nöqsanların Qarşısının Alınması Nazirliyi İslamı təhqir etdiyini deyərək, keçən həftə mağazalardakı manekenlərin başlarının çıxarılması qərarını verib və bu əmrə qarşı çıxanların cəzalandırılacağı barədə xəbərdarlıq edib.

Şəhər ticarət mərkəzlərinin sahibləri və geyim satıcıları Talibanın bu qərarını tənqid edərək, Əfqanıstan mediasına digər müsəlman ölkələrində də manekenlərdən geyim nümayişi üçün istifadə edildiyini bildiriblər. Lakin Yari mağaza sahiblərinin artıq manekenlərin başlarını çıxarmağa başladığını bildirib.

Talibanın baş sözçüsü Zəbihulla Mücahid

Nazirliyin vilayət şöbəsinin rəhbəri Əziz Rəhman yerli mediaya deyib ki, o, mağaza sahiblərinə manekenlərin başlarını kəsməyi əmr edib, belə ki, “onlar bütdür”. O daha sonra izah edib ki, İslam bütpərəstliyi və ya bütlərə sitayişi qadağan edir.

Məlumata görə, Taliban rəsmiləri nazirliyin qadınların səyahət hüququ ilə bağlı göstərişlərinə əməl edib-etmədiyini yoxlamaq üçün paytaxt Kabildə ictimai taksilərin sürücülərinə də nəzarəti artırıb.

Fərman sürücülərdən yalnız hicablı və ya başıörtülü, 72 kilometrdən çox məsafə qət edərkən kişi qohumunun müşayiəti ilə gedən qadın sərnişinləri daşımağı tələb edir. Həmçinin taksi sürücülərindən saqqal saxlamaq, namaz vaxtlarında nəqliyyat vasitəsini dayandırmaq və maşın sürərkən musiqiyə qulaq asmamaq tələb edilir.

Nazirliyin Əfqanıstanda qadınlara avtomobil idarə etməyi də qadağan etdiyi, həmçinin yerli kanallarda aktrisaların yer aldığı dram və serialların nümayişini dayandırmağı və qadın xəbər aparıcılarına efirdə hicab taxmağı əmr etdiyi deyilir.

Talibanın sözçüsü Zəbihulla Mücahid Əfqanıstan dövlət televiziyasına bu yaxınlarda verdiyi müsahibəsində nazirlik tərəfindən atılan addımları müdafiə edərək deyib ki, bu addımlar heç kəsi narahat etməməlidir, belə ki, “Əfqanıstan müsəlman ölkəsidir və bu ölkədə heç kim İslam qanunlarına qarşı çıxa bilməz”.

Bütün bunlarla yanaşı Mücahid hökumətin bütün dini idarələrinə İslam haqqında təlimat verərkən "insanlarla pis rəftar etməmək və nəzakətli olmaq" tapşırıldığını deyib.

Avqust ayında yenidən hakimiyyətini bərpa edən ultra-mühafizəkar Talibanın 1996-2001-ci illərdəki sərt siyasətinə qayıtmayacağına söz verməsinə baxmayaraq, münaqişələrin dağıtdığı bu ölkəni İslamın şərtlərinə uyğun idarə etmək üçün bütünlüklə kişilərdən ibarət müvəqqəti Nazirlər Kabineti yaradıb.

Hökumət məktəblilərin dərslərə qayıtmasına icazə versə də, Əfqanıstanın bir çox vilayətində qızlar hələ də icazə gözləyir, qadınların əksəriyyətinin isə işə qayıtmasına icazə verilmir.

Tənqidçilər Talibanın verdiyi sözlərinə şübhə ilə yanaşır və qrupun əvvəlki repressiv siyasətini tədricən geri qaytardığını deyirlər.

“Bu gözlənilirdi. Lakin mən bu nazirliyin hər bir əməkdaşının diqqətini yoxsulluğun azaldılmasına, yardımların çatdırılmasına və dilənçilərin küçələrdən yığışdırılması, onların yedizdirməsi və birinci prioritet kimi onların işlə təmin edilməsinə yetirmələrini alqışlayardım” - deyə, keçmiş Əfqanıstan rəsmisi Torek Fərhadi Twitter səhifəsində yazıb.

Birləşmiş Ştatlar və bütövlükdə dünya ictimaiyyəti yeni Taliban hökumətini tanımır və yardımdan asılı olan bu ölkəyə qeyri-humanitar maliyyə yardımlarının əksəriyyətini dayandırıb.