Taliban humanitar yardım işçilərinin təhlükəsizliyinin təmin ediləcəyinə söz verib

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits

Birləşmiş Millətlər Təşkilatının sözçüsünün bildirdiyinə görə, BMT-nin humanitar məsələlər üzrə rəhbəri bazar günü Əfqanıstanda Taliban liderləri ilə görüşüb və onlar humanitar yardım işçilərinin təhlükəsizliyini və Əfqanıstana yardımın çatdırılmasının təmin ediləcəyinə söz verib.

Martin Qriffits bazar günü Əfqanıstanın paytaxtında olub və sərt-xətt tərəfdarı İslamçıların nəzarətində olan bu ölkədə humanitar fəlakət gözlənildiyi bir vaxt bir neçə gün Taliban rəhbərliyi ilə görüşlər keçirəcək.

"Rəsmilər humanitar yardım gətirən bütün işçilərin təhlükəsizliyinin qorunacağına və humanitar yardımın ehtiyacı olan bütün insanlara çatdırılmasının təmin ediləcəyinə, eləcə də həm kişilər, həm də qadınlar olmaqla, humanitar yardım işçilərinin hərəkət azadlığına zəmanət veriləcəyinə söz verib" - deyə, BMT rəsmisi Stefane Dujarrik açıqlamasında bildirib.

Talibanla görüş zamanı Qriffits humanitar icmanın "qərəzsiz və müstəqil yardım" çatdırmağa sadiq olduğunu bir daha təkrarlayıb.

O, həmçinin bütün tərəfləri bütün qadınların, o cümlədən humanitar yardım daşıyanlar və mülki vətəndaşların hüquqlarını və təhlükəsizliyini təmin etməyə çağırıb. Əfqanıstanda qadın azadlıqları Talibanın 1996-2001-ci illərdəki hakimiyyəti zamanı kəskin şəkildə məhdudlaşdırılmışdı.

Taliban sözçüsü Sühail Şahin Twitter səhifəsində qrupun qurucularından olan Molla Əbdül Qani Bəradərin başçılıq etdiyi Taliban nümayəndə heyətinin "Əfqanıstan xalqına humanitar yardımın davam etdiriləcəyinə dair vədinə" görə BMT rəsmilərinə təşəkkür etdiyini və onlara "əməkdaşlığa və lazım olan vasitələrlə təmin etməyə" zəmanət verdiyini yazıb.

BMT Əfqanıstanda 18 milyon insanın, yəni əhalinin, demək olar ki, yarısının humanitar böhran içərisində olduğunu bildirib.