ABŞ-ın yüksək səviyyəli rəsmiləri Əfqanıstanın de-fakto hökuməti Talibana xəbərdarlıq edib

Your browser doesn’t support HTML5

ABŞ-ın yüksək səviyyəli rəsmiləri Əfqanıstanın de-fakto hökuməti Talibana xəbərdarlıq edib

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı qanunvericilərə Bayden administrasiyasının amerikalıların, ABŞ-ın Qlobal Media Agentliyi və Əfqanıstandan Milli Demokratiya Vəqfində işləyən əfqanların təxliyəsinə prioritet verdiyini deyib. Bu, ABŞ-ın milyonlarla dollarlıq yardımı de-fakto Taliban hökumətinə deyil, əfqan xalqına göndərməyin yollarını axtardığı bir vaxta təsadüf edir.

Çərşənbə axşamı ABŞ-ın yüksək səviyyəli rəsmiləri tərəfindən Əfqanıstanın de-fakto hökuməti Talibana xəbərdarlıq edilib. Qanunvericilər əlavə sanksiyaların yolda ola biləcəyini deyib. Demokrat senator Robert Menendez: "ABŞ və BMT Talibana qarşı mövcud sanksiyaları saxlamalıdır. ABŞ danışıqlar prosesində ləğv edilmiş sanksiyaları bərpa etməlidir. Bundan əlavə ABŞ həyatları xilas edən humanitar yardımın ən həssas insanlara çatdırılmasını təmin etməli, qrupun və liderlərinin yüksək bədəl ödətmək üçün yeni tədbirlər görməlidir."

Kapitolidə Bayden administrasiyasının keçən ay Kabil hava limanında baş verən xaotik evakuasiyası ilə bağlı iki gün çətin sorğu-sualla üzləşən ABŞ dövlət katibi Antoni Blinken Talibana deyil, Əfqanıstan xalqına 64 milyon dollarlıq yeni yardım ayrılacağına söz verib. "Bunu şişirtmək istəmirəm, çünki bildiyimiz kimi Taliban bu qurumlar vasitəsi ilə ərzaq və dərman kimi əsas humanitar yardımları istəyir və ehtimal ki, bunu dəstəkləyəcək. Lakin qadınlara və qızlara gəldikdə isə bu başqa cür ola bilər. Buna görə də buna çox böyük diqqət yetirəcəyik və bu yardımın lazım olduğu yerə çata biləcəyinə əmin olmağa çalışacağıq”.

Lakiin ABŞ-a yardım edən və Əfqanıstanı tərk etmək üçün Xüsusi Miqrant Vizası vəd olunan minlərlə insanın aqibəti qeyri-müəyyən olaraq qalıb. Hər iki partiyadan qanunvericilər deyir ki, Bayden administrasiyası hələ də viza prosesini sürətləndirmək üçün kifayət qədər səy göstərməyib. Respublikaçı senator Cim Riç: "Kabilin süqutundan əvvəl gələn Xüsusi Miqrant Vizalarına müraciətləri nəzərə almasaq, viza üçün müraciət edən təxminən 20 min insandan 705-ni təxliyə etdiniz. Qalanlarının axırı necə olub? "

ABŞ rəsmiləri amerikalıları və əfqanları ölkədən çıxarmaq üçün hələ də çalışdıqlarını desələr də, Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsindəki respublikaçılar geridə buraxılan risk altındakı əfqanların ümumi sayının gözləndiyindən daha çox olduğunu deyir. Respublikaçı senator Rob Portman: "Düşünürük ki, risk altında olan təxminən 60 min nəfərdən 30 minə yaxın əfqanıstanlı təxliyə edilib. Biz bu rəqəmləri administrasiyadan dəqiq məlumat ala bilmədiyimiz üçün ortaya qoyuruq."

Bir neçə həftədir davam edən narahatlıqdan sonra Blinken ABŞ-ın Qlobal Media Agentliyi və ABŞ üçün işləyən əfqanların təxliyəsinə prioritet verəcəyinə söz verib. Demokrat senator Kris Kons: "Amerikanın Səsi, Azad Avropa, Azadlıq Radiosunun təxliyə edilməyən təxminən 550 işçisi və ailə üzvləri var. Departament onların təxliyəsinə üstünlük verirmi? "

"Bəli" - deyə, Blinken bildirib.

Taliban üsyançıları avqustun 15-də hakimiyyəti ələ keçirdikdən sonra ABŞ və müttəfiqləri əksəriyyəti əfqan olmaqla, Kabil hava limanından 124 min nəfəri təxliyə edib.