Taliban Əfqanıstan ordusunun ABŞ təyyarəsinin qəzaya uğradığı yerə yaxınlaşmasına imkan verməyib

Rəsmilərin dediynə görə, çərşənbə axşamı Əfqanıstanın hökuməti ABŞ hərbi təyyarəsinin qəzaya uğradığı Talibanın nəzarətindəki bölgəyə xüsusi dəstə göndərməyə çalışarkən Taliban döyüşçüləri ilə həmin dəstə arasında qarşıdurma olub.

Bazar ertəsi ABŞ hərbi qüvvələri bir E-11A təyyarəsinin Qəzni əyalətində qəzaya uğradığını bildirib. Lakin Taliban təyyarəni özü vurduğunu iddia etsə də, təyyarədə neçə nəfərin öldüyü barədə məlumat verməyib.

Qəzni əyalət polisinin rəisi Xalid Vardak Reuters xəbər agentliyinə qəza barədə xəbər aldıqdan dərhal sonra hökumətin Dəh Yak bölgəsinə təhlükəsizlik qüvvələri göndərdiyini, lakin onların Taliban döyüşçüləri tərəfindən pusquya salındığını bildirib.

"Əldə etdiyimiz məlumata görə, təyyarədə dörd cəsəd olub, sağ qalan iki nəfər isə itkin düşüb" - deyə, Vardak bildirib.

Taliban sözçüsü Zəbiulla Mücahid ABŞ qüvvələrinin dəstəyi ilə təyyarənin qəzaya uğradığı bölgəni ələ keçirməyə çalışan Əfqanıstan qüvvələrinin İslamçı militantlarla qarşı-qarşıya gəldiyini deyib.