Sumqayıt Apelliyasiya Məhkəməsi "Azel TV" saytının rəhbəri Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib.
Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə Əfqan Sadıqovun 7 il həbs cəzası 6 ilə endirilib.
Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə bildirirb ki, qərar məhkəmə istintaqı aparılmadan verilib və jurnalistin apellyasiya şikayəti təmin edilməyib.
“Biz apellyasiya şikayətində də yazmışdıq ki, Əfqan Sadıqovun məhkum olunmasının əsas səbəbi yazılarına və çıxışlarına görədir. Əslində ona qarşı cinayətə təhrikdir. Avropa məhkəməsinin birmənalı president hüququ ondan ibarətdir ki, əgər təhrikçi olmasaydı cinayət baş verməyəcəksə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.”
Onun sözlərin görə, Əfqan Sadıqov məhkəməyə gətirilməyib və online qoşulub.
“Özünü çox piss hiss edirdi. Güclə danışa bilirdi. Penitensiar Xidmət də sənəd təqdim edib. Vəziyyəti yaxşı deyil. Aclıq aksiyası keçirir. Amma, məhkəmə yekun qərar qəbul edəndə bu halı nəzərə almadı,” o qeyd edib.
Vəkil bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini və Avropa Məhkəməsinə müraciət edəcəyini deyib.
Apellyasiya məhkəməsinin qərarı jurnalistin yaxınlarının kəskin etirazı ilə qarşılanıb.
Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova deyib ki, hakim Məhəmmədəli Rzayev sifarişi icra edərək Əfqan Sadıqovun ölümünə fərman verdi.
"Məhkəmədən yeganə istədiyim ədalət idi. Mən bilridim ki, Azərbaycanda ədalət deyil, sifariş qalib gələcək. Rüşvət qalib gələcək və siz də bunun sübutunu gördünüz,” o bildirib.
Jurnalist məhkəmənin hökmünə etiraz olaraq 2020-ci il noyabrın 3-də məhkəmə zalında aclıağa başaldığını elan edib. O, artıq 85 gündür aclıq edir.
Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və onun aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.
Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov Amerikanın Səsinə bildirib ki, o, koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və Sadıqov aclıq aksiyasını davam etdirir.
Ombudsman Aparatı rəsmi intenet saytında jurnalistin fotosunu yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki itirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.
Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.
Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.