Əfqan Muxtarlıya məhdudiyyətlər qoyulduğu deyilir

Əfqan Muxtarlı

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının bəzi məhdudiyyətlərlə üzləşdiyi bildirilir.

Bu barədə avqustun 24-də Əfqan Muxtarlı ilə telefonda danışan həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb:

“Əfqan Muxtarlı deyir ki, saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsindən vəkil Nemət Kərimliyə zəng vurmasına icazə verməyiblər. Həmçinin, ona göndərilən kitab və pulu çatdırmayıblar”- deyə Leyla Mustafayeva qeyd edib.

Leyla Mustafayeva həyat yoldaşı Əfqan Muxtarlının pasportunu nümayiş etdirir (Foto JMK-nin saytındandır)

Leyla Mustafayevanın sözlərinə görə, jurnalist ona qarşı təxribat ola biləcəyini ehtimal edir:

“Deməsinə görə, cəzaçəkmə müəssisəsində vəziyyət gərginləşib. Bir dostu ona poçt vasitəsilə pul gondərib. Verməyiblər, deyiblər ki, gələn həftəyə qaldı".

Xanımı vurğulayıb ki, Elman Fəttahın müəllifi olduğu "Yeni avtoritarizm və Azərbaycan" kitabı da jurnalistə göndərilsə də verilməyib:

"İki həftədir saxlayırlar və qadağan olunmayan kitabı həbsxanaya buraxmırlar".

Nemət Kərimli

Vəkil Nemət Kərimli isə bildirib ki, yaxın günlərdə Əfqan Muxtarlı ilə görüşüb bütün bu məsələlərə aydınlıq gətirməyə çalışacaq.

Amma Əfqan Muxtarlının xanımının dediklərinə, hələlik, Penitensiar Xifmətdən münasibət öyrənmək mümkün olmayıb. Bununla belə bu qurumdan oxşar şikayətlərlə bağlı bir qayda olaraq bildirirlər ki, cəzaçəkmə müəssisələrində məhkumlarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.

AzadlıqRadiosu