Taliban İrandakı etirazlarına dəstək verən əfqan qadınlarının mitinqini dağıdıb

Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın cümə axşamı İranda etirazlara dəstək üçün ilk dəfə nümayiş keçirib. Etiraz aksiyası Taliban hakimiyyəti tərəfindən zorla dağıdılıb.

Aksiya qonşu ölkədə gənc qadın Məsha Əmininin baş örtüyünü düzgün örtmədiyi üçün Tehranda Əxlaq Polisi tərəfindən həbsdə olarkən ölümü ilə bağlı ümummilli etirazların davam etdiyi vaxta təsadüf edir.

Kabildəki şahidlərin dediyinə görə, 30-a yaxın hicablı qadın İran səfirliyi qarşısında toplaşaraq "Qadınlar, həyat, azadlıq" şüarları səsləndirib Onların əllərində "İran ayağa qalxdı. İndi növbə bizdədir!" və "Kabildən İrana Diktaturaya Yox deyin!" yazılmış plakatlar olub.

Talibanın təhlükəsizlik qüvvələri mitinqi dağıtmaq üçün havaya atəş açmazdan əvvəl pankartları cırıb. Daha sonra təşkilatçılar nümayişin İran xalqı və Əfqanıstan qadınlarına "dəstək və həmrəylik" nümayiş etdirmək üçün keçirildiyini bildirib.

Adının çəkilməsini istəməyən bir etirazçı "biz əminik ki, bir gün bizim xalqımız da İran xalqı kimi ayağa qalxacaq" deyib.

Bir il əvvəl hakimiyyətə qayıtdıqdan sonra İslamçı Taliban qadınlara ictimai yerlərdə üzlərini örtməyi tapşırıb və dövlət sektorunda işləyən bir çox qadına evdə qalmağı tövsiyə edib. Əxlaqın Təbliği və Şərin Qarşısının Alınması Nazirliyi həmçinin qadınlardan yaxın kişi qohumunun müşayiəti olmadan uzaq səfərə çıxmamalarını tələb edib.

Taliban Əfqanıstanda yeniyetmə qızların 6-cı sinifdən sonra orta məktəbdə təhsil almasına qadağa qoyub.

Məhdudiyyətlər fəalları və tələbələri qəzəbləndirib və bunun nəticəsi olaraq beynəlxalq ictimaiyyət Talibanı hakimiyyətinin tanınmasını istəyirsə, çəhdudiyyətlərin yumşaldılmasına çağırıb.

İslamçı hökumət məhdudiyyətlərin əfqan mədəniyyətinə və İslam prinsiplərinə uyğun olduğunu deyərək, müdafiə edir.

İranda etirazlar ən azı 80 şəhər və qəsəbəyə yayılıb. Təhlükəsizlik polisi İslam quruluşunun 40 ildən çox hakimiyyətdə olmasına son qoymağa çağıran etirazları yatırmaq üçün gözyaşardıcı qazdan, dəyənəklərdən və bəzi hallarda həqiqi güllələrdən istifadə edib.