Ədliyyə Komitəsi Trampa qarşı impiçment maddələrini təsdiqlədi, məsələ tam səsverməyə çıxarılacaq

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi Prezident Donald Trampa qarşı iki impiçment maddəsini təsdiqləyib. Komitənin bu addımı impiçment üzrə gələn həftə baş tuta biləcək tam Palata səsverməsinə yol açır.

14 saatlıq debatın ardınca səsvermə partiya xətti üzrə gedib. Trampı səlahiyyətlərini aşmaq və Konqres araşdırmasını əngəlləməkdə ittiham edən maddələrə 23 Demokrat səs verib, 17 Respublikaçı əleyhinə çıxıb.

Demokratların nəzarətində olan komitə Respublikaçıların ittihamları ləğv etmək cəhdlərini məğlub edib. İndi məsələ tam səsverməyə qoyulmaq üçün Nümayəndələr Palatasına yönləndiriləcək.

Demokrat qanunvericilər hesab edirlər ki, Tramp Ukrayna hökumətinə 2020-ci ildə başlıca Demokrat rəqibi ola biləcək Co Bayden üzərində təhqiqt aparmaq üçün təzyiq göstərib və bu məqsədlə ABŞ vergiverənlərinin maliyyə vəsaitlərindən sui-istifadə edib. Onlar Trampın hərəkətlərini qeyri-qanuni olaraq xarici dövlətin ABŞ seçki prosesinə cəlb olunması kimi qiymətləndirir.

İmpiçmentin səsverməyə qoyulacağı ABŞ Nümayəndələr Palatasında Demokratlar çoxluq təşkil edir.

Əgər Nümayəndələr Palatası impiçmentə səsverəsə, məsələ mühakimə üçün Respublikaçıların dominant olduöu Senata göndəriləcək.

Prezident Tramp onun üç illik prezidentliyini hədəf alan impiçment prosesini dəfələrlə məsxərə obyektinə çevirərək, Nümayəndələr Palatasının onu impiç etməsindən sonra yanvar ayında Respublikaçıların nəzarətində olan Senatdakı məhkəmədə bəraət qazanacağını qəti şəkildə proqnozlaşdırıb.

Prezident Tramp davranışında heç bir yanlışlığa yol vermədiyini israr edir və prezident siyasəti sayəsində ABŞ iqtisadiyyatının "ən yaxşı" durumda olduğunu deyir.

Trampın Senatda məhkum ediləcəyi gözlənilmir, belə ki, 100 nəfərlik palatada 67 lehinə səs almaq üçün azı 20 Respublikaçının Trampa qarşı çıxması lazımdır.

ABŞ-ın tarixdə iki prezidenti - 19-cu əsrdə Endrü Cekson və 20 il bundan əvvəl Bil Klinton impiç edilsələr də, Senatda bəraət qazanmış və hakimiyyətdə qalmışdılar.