"Şəriət qanunları İran Azərbaycanında uşaq nikahına şərait yaradır"

Şəriət qanunlarının tətbiq edildiyi İranda erkən yaşda evləndirilən uşaqların sayı getdikcə artmaqdadır. Rəsmi statistik məlumatlara görə, ölkədə hər il on minlərlə yaşı 14-dən aşağı və yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.

Your browser doesn’t support HTML5

Sadiq İsabəyli Amerikanın Səsinə danışır

Bu haqda Amerikanın Səsinə danışan türk fəal Sadiq İsabəyli hesab edir ki, “Güney Azərbaycan Milli Hərəkatına” mənsub siyasi təşkilatların bu problemə yetərincə diqqət yetirməməsi hərəkatın imicinə zərbə vura bilər.

İran hakimiyyətinin televiziyasında, radiosunda, qanununda, şəriət sistemində yürüdülən siyasətlər və fəaliyyətlər uşaq evliliyini normal göstərmək yönündədir.

“İranda şəriət qanunları və dövlət qurumları tərəfindən yürüdülən siyasət uşaq evliliyi və bu kimi məsələlərin ortaya çıxmasına şərait yaradır. Təsəvvür edin ki, televiziyasında, radiosunda qanununda, şəriət sistemində bütün siyasətləri və fəaliyyətləri bunu normal göstərmək yönündədir. Bunu insanların şüuraltı düşüncəsinə də yerləşdirirlər,” Sadiq İsabəyli söyləyir.

Onun dediklərinə görə, İran İslam Respublikası bu kimi problemlərin çözülməsi istiqamətində “hər hansı islahata şərait yaratmır. Bunun da səbəbləri vardır. Bu hakimiyyətin vətəndaşa baxışı onu yönətmək, onu kontrol altında saxlamaq yönündə formalaşıb. Hakimiyyət toplumun inkişafı yönündə, rifahda yaşaması yönündə bir plan cızmır.”

İranda hər il yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, ölkədə hər il yaşı 14-dən aşağı təqribən 40,000 uşaq evliliyi qeydiyyata alınır. Hüquq müdafiəçiləri rəsmi qeydiyyata alınmadan həyata keçirilən nikah sayının da olduqca yüksək olduğunu önə çəkirlər. Keçən il uşaq nikahının ən çox qeyd edildiyi vilayətlərin müvafiq olaraq Zəncan, Şərqi Azərbaycan və Şimali Xorasan vilayətləri olduğu bildirilir.

Uşaq evliliyi məsələsi Azərbaycanla bağlı fəaliyyət göstərən ictimai-siyasi təşkilatların ‘hər şeyimiz həll olsun sonra bu məsələni gündəmə gətirək’ deyə biləcəkləri bir məsələ deyil.


Sadiq İsabəyli erkən yaşda evliliklərin qeyri-fars bölgələrdə daha artıq olmasını Tehranın yürütdüyü ayrı-seçilik siyasətinin bir təzahürü olaraq dəyərləndirir:

“Bu, mərkəzdən topluma yönəlik aparılan ayrı-seçkilik siyasətinin bir təzahürüdür. Azərbaycanla bağlı münasibətin başqa formada təzahürüdür. Çünki rəsmi statistik məlumatı nəzərə alanda, bu Azərbaycan vilayətlərində yoxsulluq və iqtisadi şəraitin ağırlığını da özündə göstərir.”

Sadiq İsabəyli

Siyasi fəalın fikrincə, türk fəallar və milli hərəkata mənsub təşkilatların uşaq nikahı kimi ictimai problemlərə etinasız yanaşması milli hərəkatın imicinə zərbə vura bilər. “Bu indi də olmasa, gələcəkdə olar,” İsabəyli deyir.

O, əlavə edir ki, uşaq nikahı problemi Azərbaycanla bağlı fəaliyyət göstərən ictimai-siyasi təşkilatların ‘hər şeyimiz həll olsun sonra bu məsələni gündəmə gətirək’ deyə biləcəkləri bir məsələ deyil:

"Bu bir ictimai problemdir və gündəmə gətirilməlidir... Bunun bütün cəhətləri müzakirə edilməlidir. Hələ hələ nəzərə alsaq ki, ən çox uşaq evlilikləri də Azərbaycan bölgəsində olur və ən çox zərbə Azərbaycana dəyir. Bunu ciddiyə almalıyıq."