Şuşa ətrafında gedən döyüşlərdə həlak olan Azərbaycan və Ermənistan hərbi qulluqçularının cənazələrinin mübadiləsi baş tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cənazələrinin toplanılması həyata keçirilib.
“Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb,” nazirliyin məlumatında deyilir.
Özünü Dağlıq Qarabağın ombudsmanı kimi təqdim edən Artak Beqlaryan bildirib ki, Şuşa şəhəri tərafında həlak olan erməni hərbçilərinin cəsədləri müəyyən edilib.
“Ölənlərin cəsədlərinin dəyişdirilməsi prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsi və “Dağlıq Qarabağ Fövqəladə Hallar Xidməti”nin iştirakı ilə Rusiya sülhməramlı missiyasının rəhbərliyi altında aparılıb,” o, qeyd edib.
Azərbaycan və Ermənistan rəsmi səviyyədə döyüşlər zamanı nə qədər hərbiçisinin itkin və əsir düşdüyü barədə hələ məlumat yaymayıb. Müstəqil müşahidəçilərin baxışlarına görə və hərbi əməliyyatlar zamanı rəsmi qurumların yaydığı videoların təhlili göstərir ki, itkin düşən hərbçilərin sayının bir neçə min nəfər olduğunu təxmin etmək olar.
Humanitar aksiya Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin noyabrın 10-da imzaladığı Bəyanatın səkkizinci bəndinə uyğun olaraq həyata keçirilir. Həmin bəndə görə tərəflər hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunması ilə bağlı öhdəlik götürüb.
2020-ci il sentyabrın 27-də qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyytaların dayandırlması barədə razılıq əldə edilib.
Razılışmaya əsasən dekabrın 1-dək erməni tərəfinin nəzarətində olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədələri daxilindəki bəzi ərazilərdən Ermənistan Silahlı Qüvvələri çıxarılaraq Azərbaycana təhvil veriləcək.
Sənəddə deyilir ki, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.