Milli fəallar son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəalları mühakimə edən məhkəmələrin çıxardığı hökmləri qeyri-adi qərarlar olaraq dəyərləndirirlər. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə bu “dəyişik qərarları” şərh edib.
Your browser doesn’t support HTML5
Xiyavlı həmçinin bu yaxınlarda Cenevrədə qatıldığı BMT İnsan Haqları Şurasının Sosial Forumunda baş verənlər haqqında danışıb.
Bu qərara baxanda biz İran məhkəmə sisteminin birbaşa təhlükəsizlik qüvvələri tərəfindən idarə edildiyini görürük. Hökmlərin siyasi amaclarla öncədən yazıldığını görürük.
Son vaxtlar Ərdəbil Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum olan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə artırıb. Fəalın 2 il sürgün cəzası isə qüvvədə saxlanılıb.
“Bu qərara baxanda biz İran məhkəmə sisteminin birbaşa təhlükəsizlik qüvvələri tərəfindən idarə edildiyini görürük. Hökmlərin siyasi amaclarla öncədən yazıldığını görürük,” Şahin Xiyavlı söyləyir.
Onun sözlərinə görə, “İranda bir məhkəmə dosyesini bir üst məhkəməyə götürəndə, ümumiyyətlə ya eyni qərar [qüvvədə saxlanılıb], ya da ki, birinci qərardakı hökmü endiriblər. Abbas Lisaninin həbs müddətinin 8 ildən 15 ilə çıxması dəyişik və yeni bir durumdur.”
Hüquq müdafiəçisi həmçinin bu yaxınlarda BMT İnsan Haqları Şurasının Sosial Forumunda baş verənləri Amerikanın Səsinə anladıb.
Oktyabr ayının 1-də Genevrədə keçirilən BMT forumunda məruzə oxuyan Şahin Xiyavlı İranda qeyri-fars icmalara mənsub uşaqların üzləşdiyi ayrıseçkiliklər və “farsca yetərlilik testi” təşəbbüsünü gündəmə gətirib. O, İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyətinin nümayəndəsi olaraq BMT-nin iclasına qatılıb.
İclasdan çəkilmiş bir videoda İran İslam Respublikası nümayəndəsinin Xiyavlıya təpki göstərdiyi görünür.
İslam Respublikasının nümayəndlərin bundan öncə də QHT-lərə təpki göstərmişdilər. Amma, ilk dəfə idi ki, İran nümayəndəsi BMT iclasında bizim adımızı çəkib və birbaşa bizə hücum etdi.
İran nümayəndəsi iclasın sədrinə müraciət edərək deyir ki, “sədr xanım! Birinci dəfə deyil ki, bu cəmiyyət mənim ölkəmə qarşı bu növ iddialar səsləndirir... Biz katiblikdən istəyirik ki, bu forumda iştirak edən bu növ cəmiyyətlər yenidən nəzərdən keçirilsin. Biz daha katiblik ilə müzakirə edərək bu məsələnin təqibçisi olacağıq.”
Xiyavlının sözlərinə görə, İslam Respublikasının nümayəndələri İran dövlətinin siyasətlərini tənqid edən qeyri-hökümət təşkilatlarına bundan öncə də təpki göstərmişdilər, amma bu dəfə olay fərqli olub.
“Bu dəfə İran nümayəndəsinin Azərbaycanın insan haqları cəmiyyətinin (AHRAZ) adını çəkərək birbaşa hücum etməsi və toplantıdan ixrac edilməyimizi [istəməsi], birinci dəfə idi,” o, bildirir.
Xiyavlının dediklərinə görə, BMT məsulları İran nümayəndələri ilə münaqişəyə yol açmamaq üçün növbəti günlərdə QHT-lərin məruzə oxumasına icazə verməyiblər.
O, əlavə edir, “foruma qatılan digər etnik qruplardan Bəluçlara çıxış imkanı vermədilər. Kürdlərə çıxış imkanı verildi, amma onların əsas məruzəsinin haradasa 50 faiz, 60 faizini dəyişdirdikdən sonra çıxış imkanı verdilər. Bunun xaricində hər hansı digər QHT-yə çıxış vermədilər. Hətta AHRAZ-ın digər nümayəndəsi Mehri Cəfərinin məruzəsini katiblik qəbul etsə də, toplantını idarə edənlər çıxış etməsinə izin vermədilər... Bizə email göndərib açıqca yazdılar ki, biz İranla hər hansı bir konflikt yaşamaq istəmirik.”