Son vaxtlar İran Azərbaycanında xüsusilə pan-türkizm və separatçılıqda ittiham edilərək ağır cəzalara məhkum olunan türk fəalların sayı artmaqdadır.
Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Şahin Xiyavlı İslam Respublikasının bu hökmlərlə “mərkəziyyətçi müxalifətə” də bir mesaj göndərdiyini önə çəkir.
Your browser doesn’t support HTML5
Mən artıq İranda məzhəbin və şiəliyin keçmişdə olduğu qədər birləşdirici bir ünsür olduğunu düşünmürəm. Bu durumda hakimiyyət irançılıq mesajları verir.
“Hakimiyyət mərkəziyyətçi müxalifətə demək istətir ki, biz getsək, bu qruplar İranı parçalanmaya doğru aparacaqlar,” deyə hüquq müdafiəçisi məhkəmə hökmlərinin siyasi motivlərlə çıxarıldığını vurğulayır.
Şahin Xiyavlının dediklərinə görə, “məhbusların adlarına baxdığımızda ümumiyyətlə keçmişdə tutulub, sonra sərbəst buraxılıb və yenidən tutulub təkrar mühakimə edilirlər. Hakimiyyət türk fəalları bu şəkildə passiv hala gətirir.”
O, keçmişdə nəzarət altına alınıb və daha sonra müvəqqəti olaraq sərbəst buraxılan fəalların təkrar məhkəməyə çağırıldığı zamanın siyasi şəraitə görə müəyyənləşdiyini ifadə edir.
“Tutulduğu zaman bir türk aktivistin durumunun nə olacağı və nə zaman məhkəməyə çıxarılacağı bəlli olmur. Saxlandığı zaman vəkillə təmin edilmir. Məhkəmədə hansı ittihamlarla qarşılaşacağını bilmir. Keçmişdə tutulanların da təkrar məhkəməyə çağırıldığı zaman ümumiyyətlə siyasi şərtlərə görə müəyyən olunur,” hüquq müdafiəçisi söyləyir.
Xiyavlı etnik icmalara mənsub fəallara qarşı çıxarılan hökmlərlə eyni zamanda müxalif qruplara da mesaj verildiyini önə çəkir:
Etnik icmalara mənsub fəallara ağır hökmlər verərək hakimiyyət müxalifətə deyir ki, biz getsək, bu qruplar İranı parçalayacaqlar.
“Bu gün gəldiyimiz nöqtədə həm etnik qruplar, həm də mərkəziyyətçi müxaliflər arasında şiəçiliyin çöküşünü görürük. Buna görə, mən artıq İranda məzhəbin və şiəliyin keçmişdə olduğu qədər birləşdirici bir ünsür olduğunu düşünmürəm. Bu durumda hakimiyyət irançılıq mesajları verir.”
Norveçdə yaşayan fəal əlavə edir, “hakimiyyət milliyyətçi düşüncəni yayaraq müxalifətə mesaj verir. Etnik icmalara mənsub fəallara ağır hökmlər verərək onlara deyir ki, biz getsək, bu qruplar İranı parçalanmağa doğru aparacaqlar.”
Şahin Xiyavlı həmçinin keçən ilin noyabr ayında özü və digər hüquq müdafiəçisi Əmir Makuyinin qatıldığı Birləşmiş Millətlər Təşkilatının azlıqlar forumu ilə bağlı Amerikanın Səsinə məlumat verib.