Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.
2018-ci il iyulun 9-da Baş Prokurorluq İnternetdə 2018-ci ilin yayında Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.
SEE ALSO: Anar Məmmədov: “İttihamın kökündə jurnalist fəaliyyətim durur”Bundan sonra Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.
Sonradan Məmmədova qarşı CM-in 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, bu ittihamları təkzib edir.
Yanvarın 29-da keçirilən iclasda şahidlərin - Məlahət Məmmədova və Samirə Canıyevanın ifadələri dinlənilib. İstintaqın məlumatına görə, criminal.az saytında məlumatını oxuduqda bu qadınlar "həyəcanlanıb və Bakı şəhər Prokurorluğuna tədbir görmək xahişi ilə müraciət edib".
“Mən bu yoldaşı tanımırdım. Anar Anar dediniz, burda bildim ki, Anar Məmmədov bu adamdır. Anar adlı adam tanımıram, heç bir şəxsi-qərəzliyim yoxdur. Axşamlar criminalaz.coma-a girirəm, baxım görüm nə var, nə yoxdu. Mən sözün açığı qorxuram. Ay müharibələr olacaq, aləm qatışar bir-birinə... Tək həyatda bir qızım var. Onsuz da o qədər şəhid vermişik. İki nəvəm var, yuxarı siniflərdə oxuyurlar. Çox vaxt dərsləri internetlə yazılır. İstəmirəm uşaqların başı belə şeylərlə dolsun. Xahiş etmişəm ki, bu kanal yığışdırılsın, başqa heç nə. Sözüm budur... Başqa heç nə deməmişəm, başqa şikayətim də yoxdur,” Məmmədova qeyri-müəyyən şəkildə müharibədən, mitinqlərdən qorxduğunu deyib.
Hər iki qadın məhkəmədə VPN sistemindən istifadə etmədiklərini təsdiq ediblər, amma saytı hakimiyyətin bloklamasından sonra - iyulun 9-da oxuduqlarını iddia ediblər.
Şahidlər bildiriblər ki, bu "kanalın" bağlanması üçün şikayət ediblər. Məhkəmə iclası fevralın 8-də davam edəcək.