İran İsraillə qarşıdurmada qüvvələrini göndərməyəcəyini bildirib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani

İranın Xarici İşlər Nazirliyi İsrailin Tehranın regiondakı müttəfiqlərini hədəf aldığı vaxt bazar ertəsi İranın İsraillə qarşıdurmada Livan və ya Qəzzaya qüvvələrini yerləşdirməyəcəyini bildirib.

"İran İslam Respublikasının əlavə və ya könüllü qüvvələrinin göndərilməsinə ehtiyac yoxdur"deyən Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani əlavə edib ki, Livan və fələstin ərazilərindəki döyüşçülər "təcavüzdən qorunmaq üçün gücə və qabiliyyətə malikdir".

İsrail son günlər Livanda Suriya, Yəmən və İraq da daxil olmaqla, regionda İrana bağlı silahlı qruplaşmalar şəbəkəsi olan “müqavimət oxu”na qarşı kütləvi hava hücumları həyata keçirir.

İsrailin cümə günü Beyruta endirdiyi zərbə nəticəsində İranın Livanda uzun illərdir silahlandırdığı və maliyyələşdirdiyi Hizbullah silahlı qruplaşmasının başçısı Həsən Nasrallah öldürülüb.

"Bizə bununla bağlı heç bir tərəfdən müraciət daxil olmayıb. Əksinə, bizə məlumat verilib və biz əminik ki, onların bizim qüvvələrin yardımına ehtiyacı yoxdur", Kənani Tehranda jurnalistlərə deyib.

Bununla belə, Kanani İsrailin "İran xalqına, hərbçilərinə və müqavimət qüvvələrinə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılacağına" söz verib.

Hökumətin internet saytında verdiyi məlumata görə, İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Nasrallahın ölümü ilə əlaqədar "başsağlığı vermək" üçün Hizbullahın Tehrandakı ofisini ziyarət edib.

Bütün dövlət məsələlərində son söz sahibi olan ali dini rəhbər Ayətullah Əli Xameneyi Nasrallahın ölümünün "cavabsız qalmayacağına" söz verib. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif isə bunun İsrailin "məhv edilməsinə" səbəb olacağını deyib.

İran həmçinin Hizbullah lideri ilə birlikdə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun xarici qolu olan "Qüds Qüvvələri"nin baş komandanı Abbas Nilforuşanın öldürülməsinə görə qisas alacağını vəd edib.