ÜST Rusiya peyvəndi ilə əlaqədar danışıqlara başlayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qabaqcıl sınaqlar olmadan təsdiqlədiyi COVID-19 peyvəndi ilə bağlı Rusiya ilə müzakirələrə başladığını xəbər verir.

Təşkilatın Kopenhagen bürosunda keçirilən virtual mətbuat konfransında ÜST-nin Avropadakı fövqəladə hallar üzrə rəsmisi Ketrin Smolvud Rusiya komandaları ilə ÜST-nin əvvəlcədən seçilmiş həmkarları arasında, ilk növbədə təşkilatın potensial peyvəndi necə qiymətləndirəcəyi ilə bağlı birbaşa müzakirələrin olduğunu deyib.

ÜST-nin Avropa regional direktoru Hans Kluqe istənilən potensial peyvəndin tapılmasının yaxşı bir xəbər olduğunu desə də, peyvəndlərin eyni qiymətləndirmələrdən keçməli olduğunu bildirib.

Smolvud isə əlavə edib ki, "təhlükəsizlik və effektivlik baxımından yaşadığımız bu narahatlıq təkcə Rusiya peyvəndi üçün deyil, inkişaf etdirilməkdə olan bütün peyvəndlərə aiddir". O həmçinin ÜST-ün koronavirus peyvəndlərinin sürətli inkişafına çalışmaq üçün "sürətləndirilmiş bir yanaşma" tətbiq etdiyini bildirib, lakin "təhlükəsizlik və effektivlik baxımından tələsməməyin vacib" olduğunu vurğulayıb.

Digər tərəfdən Kluqe xəbərdarlıq edib ki, hər hansı vaksin təsdiqlənsə belə bu, pandemiyanın sonu olmayacaq.

"Pandemiyanın sonu hər birimizin məsuliyyəti öz üzərinə götürəcəyi və virusla necə davranmağı öyrəndiyimiz gün olacaq. Bu da bizdən asılıdır, o gün hətta sabah da ola bilər" - deyə, Kluqe bildirib.