ÜST koronavirusun yeni variantının genetik ardıcıllığının müəyyən edilməsini sürətləndirməyə çağırır

Britaniya və Cənubi Afrikada koronavirusun yeni variantlarının aşkar edilməsindən sonra Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri koronavirusun genomunun genetik ardıcıllığının müəyyən edilməsi prosesinin sürətləndirilməsinə çağırıb.

"Ölkələr bunun öhdəsindən yalnız testləri səmərəli şəkildə keçirdikdə və strategiyaları buna müvafiq olaraq hazırladıqda gələ bilər" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının baş Direktoru Tedros Adhanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O, Ümumdünya Səhiyyə Təşkilatının "virusda hər hansı bir dəyişikliyi və onların təsirlərini daha yaxşı başa düşmək üçün dünya alimləri ilə yaxından əməkdaşlıq etdiyini deyib və ölkələri əldə etdikləri genetik məlumatları təşkilatla və digər ölkələrlə bölüşməyə çağırıb.

Britaniya rəsmilərinin ölkədə ilk dəfə müəyyən edilən koronavirusun yeni variantının daha yoluxucu olduğunu bildirməsi ölkəyə səyahətlər də daxil olmaqla, qlobal məhdudiyyətlərin təqbiq edilməsinə gətirib çıxarıb.

Bazar ertəsi Finlandiya və Cənubi Koreya da daxil olmaqla, daha çox ölkədə yeni koronavirus variantının ilk halları aşkar edilib.

Finlandiya rəsmilərinin verdiyi məlumata görə, bu yaxınlarda Britaniyadan Milad tətilinə gələn bir Finlandiya vətəndaşına koronavirusun yeni variantı diaqnozu qoyulub.

Cənubi Koreya ölkəyə daxil olan üç nəfərdə COVID-19 yeni variantı aşkar edildikdən sonra bazar ertəsi Britaniyadan birbaşa uçuşlara qoyulan qadağanın yanvarın 7-nə qədər uzadılacağını bildirib.

Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi həmin üç nəfərin dekabrın 22-də Londondan təyyarə ilə gəldiyini və bunun yeni növün Cənubi Koreyada aşkarlanan ilk hallar olduğunu bildirib.

Keçən həftə ilk virus variantının aşkarlandığını bildirən Yaponiya bazar ertəsi gecə yarısından yanvar ayının sonuna qədər ölkə vətəndaşı olmayan bütün əcnəbilərin ölkəyə gəlişinə qadağa qoyub.

İndoneziya bazar ertəsi yeni variantın yayılmasını dayandırmaq üçün xaricilərin ölkəyə daxil olmasına iki həftə qadağa qoyacağını bəyan edib.

Səudiyyə Ərəbistanı yeni varianta görə bazar ertəsindən bütün rəsmi limanların bağlanma müddətini uzatdığını bildirib.

ABŞ rəsmiləri bildirib ki, bazar ertəsi günündən etibarən Britaniyadan gələn sərnişinlərin COVID-19 testinin nəticələri yola düşməzdən 72 saat əvvəl mənfi olmalıdır.

ABŞ rəsmiləri ABŞ aeroportlarında 1,3 milyona yaxın sərnişinin yoxlanışdan keçdiyini bildirib. Bu, doqquz aydan çox bir müddətdə ən yüksək göstərici olub.