Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri COVID-19-a qarşı vaksinasiyada qlobal bərabərliyin artırılmasına çağıraraq, peyvəndləri paylaşmasında zəngin ölkələrin yoxsul ölkələrlə yardım etməli olduğunu deyib.
Bazar ertəsi Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının icraedici şurasının iclasında çıxış edən doktor Tedros Adhanom Gebreyesus deyib ki, "zəngin ölkələrdə gənc və daha sağlam insanlara yoxsul ölkələrdə səhiyyə işçiləri və yaşlı insanlardan əvvəl peyvənd vurulması doğru deyil."
“Yüksək gəlirli 49 ölkədə azı 39 milyondan çox dozada peyvənd tətbiq edilib. Ən aşağı gəlirli ölkələrdən birində isə yalnız 25 doza verilib” - deyə, o bildirib
"Mən açıq danışmalıyam, dünya fəlakətli mənəvi uğursuzluğun astanasındadır və bu, dünyanın ən yoxsul ölkələrində həyat və dolanışıq bahasına başa gələcək. Peyvənd bərabərliyi yalnız mənəvi borc deyil, bu, strateji və iqtisadi cəhətdən də çox vacibdir" - deyə, ÜST rəhbəri əlavə edib.
Bu arada isə ABŞ-ın yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli eksperti bazar günü deyib ki, yeni seçilmiş prezident Co Baydenin prezidentliyinin ilk 100 günündə 100 milyon insana COVID peyvəndi vurulması ilə bağlı iddialı planı həyata keçirilməsi tamamilə mümkün olan plandır.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi NBC televiziya kanalına müsahibəsində hazırda mövcud və yaxın zamanda bazara çıxarılması planlaşdırılan əlavə peyvəndlərlə birlikdə, maskalar taxmaq və sosial məsafənin qorunmasına riayət etməklə ABŞ-ın yaxın zamanda “yaxşı vəziyyətdə” ola biləcəyinə inandığını deyib.
Hazırda ABŞ-da vəziyyət “yaxşı” olmaqdan çox uzaqdır. Ölkədə COVID-19-a təxminən 24 milyon yoluxma halı qeydə alınıb ki, bu da digər ölkələrdən daha çox yoluxma deməkdir. ABŞ-da peyvənd kampaniyası problemli oldu, belə ki, keçən ilin sonuna qədər peyvənd Tramp administrasiyasının proqnozlaşdırdığından daha az insana vurulub.
Hindistan və Braziliya COVID-19-a 10,5 milyon və 8,4 milyon yoluxma halları ilə ABŞ-dan sonra gəlir.
Meksika prezidenti bazar günü deyib ki, onun ölkəsi yoxsul ölkələrin daha çox dozada peyvənd almasına imkan verilməsi üçün BMT-nin zəngin ölkələrin peyvəndlərin bəzi partiyalarının alınması prosesini saxlaması haqda xahişini yerinə yetirir.
Associated Press agentliyinin bildirdiyinə görə, prezident Andres Manuel Lopez Obrador bazar günü Meksikanın Pfizer peyvəndlərinin alınmasını təxirə salmasından sonra Astra-Zeneca, Çinin CanSino və Rusiyanın Sputnik-V peyvəndləri də daxil olmaqla, başqa vaksinlər axtardığını deyib.
Braziliya bazar günü koronavirusa qarşı iki peyvəndi təcili istifadə üçün təsdiqləyib. Ölkədə COVID-19-dan ölənlərin sayı 210 000-ə çatıb, bəzi xəstəxanalar oksigen çatışmazlığı problemi ilə üzləşib.