ÜST yeni koronavirusa qarşı peyvəndlərin bu il kütləvi immunizasiya yaratmayacağı barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusa qarşı peyvəndlərin bu il kütləvi immunizasiya yaratmayacağı barədə xəbərdarlıq edib.

ÜST-nin baş elmi işçisi, doktor Sumya Svaminatan bazar ertəsi jurnalistlərə verdiyi açıqlamasında COVID-19-un yayılmasını dayandırmaq üçün kifayət qədər peyvənd istehsal və tətbiq etmək üçün vaxt lazım olduğunu deyib.

Doktor Svaminatan ölkələri maska taxmaq, sosial məsafə saxlamaq və əl yumaq kimi səylərinin davam etmələrinin vacibliyini vurğulayıb.

Bununla bağlı Moderna şirkəti özünün COVID-19 peyvəndinin immunizasiyanı azı bir il təmin edə biləcəyini bildirib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, şirkət bazar ertəsi keçirilən illik J.P.Morgan Healthcare konfransında istifadə etdiyi RNA-messenger texnologiyasının bir neçə ölkədə aşkar edilən koronavirusun yeni variantına qarşı peyvənd tətbiq edilməsi üçün uyğun olduğuna inandığını deyib.

ÜST-nin baş məsləhətçisi, doktor Brus Eylvar bazar ertəsi agentliyin dünyanın yoxsul ölkələrinə COVID-19 peyvəndləri verməyə başlayacağına ümid etdiyini desə də, “bunu təkcə özümüz edə bilmərik” deyib. O, peyvənd istehsalçılarını bu ölkələri ön plana çəkməyə və peyvəndləri Qlobal Qəbul Təsisatı və ya COVAX-a göndərmələrini tövsiyə edib.

Ümumdünya Səhiyyə Təşkilatının müttəfiqi COVAX, Epidemik Hazırlıq Yenilikləri Koalisiyası və Gavi, Bill və Melinda Geytsin təsis etdiyi Vaksin İttifaqı dünyanın ən kasıb ölkələrində uşaqları peyvəndlə təmin etməyə çalışır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bildirdiyinə görə, bazar ertəsinə qədər təxminən 9 milyon amerikalıya ilk COVID-19 peyvəndi vurulub. Bu, ABŞ hökuməti tərəfindən ştatlara paylanan ümumi dozanın üçdə birindən azdır və bu, paylamanın yavaş keçirildiyini göstərir. Mütəxəssislər buna səbəbin milli strategiya və milli paylama sisteminin olmaması ilə izah edir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bazar ertəsi ilk dəfə Britaniyada aşkar edilən koronavirusun yeni variantına hazırda ABŞ-ın 10 ştatında azı 72 nəfərin yoluxduğunu bildirib. Kaliforniyada azı 32, Floridada 22 yeni varianta yoluxma halları qeydə alınıb. Kolorado, Konnektikut, Corciya, Indiana, Minnesota, Nyu York, Pennsilvaniya və Texas ştatlarında da yeni varianta yoluxma halları var.