Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 23 ölkənin liderləri çərşənbə axşamı qlobal fövqəladə vəziyyətin öhdəsindən daha yaxşı gəlmək üçün pandemiya ilə beynəlxalq mübarizə razılığını dəstəklədiklərini bildirib.
Bir çox kütləvi informasiya vasitələrində yayımlanan məlumatda dünya liderlərnin ÜST və Avropa İttifaql ilə birlikdə çərşənbə axşamı belə bir razılaşmaya imza atdıqları deyilib. ABŞ, Çin və Rusiya imza atanlar arasında deyil.
Pandemiyaya qarşı peyvəndlər, dərmanlar və diaqnostikanın universal və bərabər şəkildə təmin edilməsi ilə bağlı müqavilə ideyası Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən keçən ilin noyabr ayında G-20 sammitində səsləndirilmişdi. Britaniyanın Baş naziri Boris Conson bu ilin əvvəlində belə bir müqaviləni dəstəklədiyini dilə gətirmişdi.
Brüssel və Cenevrədən bir araya gələn virtual mətbuat konfransında Avropa İttifaqı Şurasının sədri Mişel və ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus belə bir beynəlxalq razılaşmanın zəruriliyini vurğulayıb.
"COVID-19 cəmiyyətlərimizdəki zəiflikləri və parçalanmaları ortaya çıxardı.- İndi gələcək nəsillər üçün bu böhrandan çox-çox kənara çıxan bir pandemiya müdafiəsi yaratmaq üçün qlobal bir birlik kimi bir araya gəlmək vaxtıdır.”
Çarlz Mişel hazırkı vəziyyəti II Dünya Müharibəsindən sonra dünya liderlərinin bir araya gələrək, beynəlxalq əməkdaşlıq üçün “çoxtərəfli bir model” qurduqları dövrlə müqayisə edib.
Tedros müqavilənin COVID-19-un ortaya çıxardığı boşluqların aradan qaldırılması, beynəlxalq səhiyyə qaydalarının tətbiqinin gücləndirilməsi, pandemiyanın qarşısının alınması və müdaxiləsi kimi sahələrdə əməkdaşlıq üçün bir zəmin yaradacağını deyib.
"Dünya Səhiyyə Assambleyası tərəfindən irəli sürüləcək müqavilə ÜST-ün hamı üçün eyni sağlamlıq prinsiplərinə və ayrı-seçkiliyə yol verilməyən konstitusiyasına əsaslanacaq" - deyə, Mişel bildirib.
O, aparılan müzakirələrdə ABŞ və Çin də daxil olmaqla, bütün üzv dövlətlərin bu təklifə müsbət reaksiya verdiklərini deyib.