Çörək…bahalaşıb

Çörək

Bu gün, sentyabrın 15-də Bakıda mağaza və marketlərə üz tutan alıcılar bir çox ərzaq məhsullarının bahalaşması ilə qarşılaşıblar.

Bahalaşan ərzaq məhsulları arasında çörək də var.

Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 60 qəpiyə almaq olur. Çörəkdən başqa, şəkər tozunun, süd tozunun, kofenin və makaronların qiymətlərində də artım görünür.

Alıcılar AzadlıqRadiosuna deyiblər ki, kiloqramı 1 manat 19 qəpiyə olan şəkər tozu, artıq 1 manat 25 qəpiyə yüksəlib. Kofelərin qiymətlərində isə artımın daha çox 15 faiz olduğu bildirilir.

Azərbaycanda hər ay, bəzən hər həftə…

Alıcılardan biri də vurğulayıb ki, Azərbaycanda hər ay, bəzən hər həftə ərzaq məhsullarının qiymətlərində artım görünür.

Mağazalarda son bahalaşmanı topdansatış məntəqələrində qiymətlərin yüksəlməsi ilə izah ediblər. İqtisadiyyat Nazirliyi və topdansatış məntəqələrinin sahibləri ilə isə, hələlik, danışmaq mümkün olmayıb.

Xatırlatma

Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 4.8 faiz artıb.

DSK-nın məlumatında vurğulanır ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5.4, qeyri-ərzaq məhsulları, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4.2 faiz bahalaşıb.

Amma bəzi müstəqil iqtisadçılar DSK-nın açıqlamasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, gerçəkdə inflyasiya ikirəqəmli olub. Onlar xatırladıblar ki, bu il kommunal xidmətlər bəzi sahələrdə 25 faizdən 100 faizə qədər bahalaşıb. Üstəlik, benzinin, dizelin də qiymətləri artıb.