Azərbaycana görə Avropa İttifaqının bəyanatını yalnız Moqerini imzaladı

Avropa İttifaqının xarici işlər nazirləri və Şərq Tərəfdaşlığına daxil olan 6 ölkənin birgə yubiley bəyanatı Azərbaycanın mövqeyinə görə yalnız Aİ-nin xarici işlər komissarı Federika Moqerini tərəfindən imzalanıb.

İttifaqla daha yaxın münasibətlərə yol açan Şərq Tərəfdaşlığına Azərbaycandan başqa Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Avropa İttifaqındakı mənbələr AzadlıqRadiosuna bildiriblər ki, Bakı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü məsələsinin qeyd edilməməsindən narazılıq edib.

Azərbaycan tərəfinin narazılığından sonra bəyanatın mətni olduğu kimi saxlansa da, onu yalnız xanım Mogherini imzalayıb.

Bəyanatın mətnindən Gürcüstan və Ukrayna da narazılıq ediblər. Onlar mətndə bu iki ölkənin Avropa İttifaqı üzvü olmaq niyyətlərinin qeyd olunmamasından narazı qalıblar.

Buna baxmayaraq Tbilisi və Kiyev Şərq Tərəfdaşlığının köhnə bəyanatlarının mətninə etiraz etmirlər.

Bunun əvəzində Şərq Tərəfdaşlığının 10-cu ildönümündə səslənən yubiley bəyanatında deyilir:

"Biz Şərq Tərəfdaşlığının Sammit bəyannamələrində əksini tapmış öhdəliklərimizi bir daha təsdiq edir və bu öhdəlikləri irəli aparmaq üçün güclü niyyətimizi vurğulayırıq”.

Şərq Tərəfdaşlığı 2009-cu ildən başlanıb.

O vaxtdan bəri hər il bu qrupun sammitləri keçirilir.