Çində koronavirus epidemiyaya çevrilməmişdən əvvəl xəstəlik haqqında məlumat verən həkim elə həmin xəstəlikdən həyatını itirib. Həkimin ölümü cümə günü Çində matəmə və hökümətə qarşı qəzəbə səbəb olub.
Uhan xəstəxanasında oftalmoloq işləyən Li Venlianq keçən ay Uhanda "şayiələr yaydığına" görə polis tərəfindən təzyiqlərə məruz qalan səkkiz həkimdən biri idi. O, hadisəni ictimailəşdirdikdən sonra virus böhranının ən məşhur simalarından birinə çevrilmişdi.
34 yaşlı həkimin ölüm xəbəri Çinin Weibo mikrobloq saytında 1.5 milyard baxış sayı ilə ən çox oxunan xəbər olub. İnsanlar WeChat mesajlaşma qruplarında da hadisəni müzakirə edərək, kədərləndirklərini və hiddətləndiklərini bildirib .
Çində Linin ölümü ilə bağlı xəbərələr cümə axşamı yerli vaxtla gecə yarısından əvvəl dövlət mediasında yayımlandıqdan sonra xəbər silinib, daha sonra isə cümə günü yenidən yayımlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı Twitterdə Linin ölüm xəbərinə görə “dərindən kədərləndiyini” bildirib. Çinin Milli Səhiyyə Komissiyası və Uhan hökuməti isə rəsmi başsağlığı bəyanatı yayıb.
Çində bəzi KİV-lər onu “həqiqəti danışmaq istəyən bir qəhrəman” kimi təsvir edib. Digər şərhçilər isə onu yad etmək məqsədilə şeirlər, fotolar və rəsmlər paylaşıb.
Son məlumatlara görə, Çində virus səbəbi ilə 630-dan çox insan həyatını itirib, 30.000-dən çox yoluxma halı qeydə alınıb.